Tokio uğursuzluğunun səbəbi: Namiq Abdullayev etiraz düyməsini basmasaydı...

  Bölmə: Baş redaktor | 1452 | 22:16 11-08-2021
Tokio uğursuzluğunun səbəbi: Namiq Abdullayev etiraz düyməsini basmasaydı...

Tokio-2020 Yay Olimpiya Oyunlarının ümidverici yarışlarına qayıdaq. Həmişə olduğu kimi yenə azarkeşlər təkmübarizlik idman növlərindən medallar gözləyirdilər. Əsasən də güləş, boks, cüdo və karatedən. Düzdür, üç karateçimiz ilk dəfə Olimpiya Oyunlarında təmsil olunsalar da, ikisi gümüş medal qazana bildi. Bu, fərdi olaraq karate idman növü üçün uğur hesab edilə bilər. Amma boks, cüdo, güləş gözlənilən ümidləri doğrultmadı.

Olimpiadada ən yüksək nəticəni Hacı Əliyev göstərdi 

Olimpiyaçılarımızdan fərdi olaraq ən yüksək nəticəni fikrimcə, Hacı Əliyev göstərdi. Çünki, ən yüksək titullu idmançılar da Hacı Əliyevin mübarizə apardığı 65 kq çəki dərəcəsində yarışırdı. Bundan əlavə Hacı Əliyev finalda çempionluğa layiq güləş göstərdi. Yalnız texniki və minimal xallarla yaponiyalı rəqibinə məğlub oldu. Bu görüş ətrafında idman ictimaiyyəti və idman sevərlər arasında ikitirəli, qalmaqallı söz-söhbətlər də yarandı. Elə Hacının atası Azər Əliyev də mətbuata açıqlamasında görüşün nəticəsindən razı qalmadığını bildirdi. Buna görə o, konkret ad çəkməsə də, hətta güləşə vaxtilə cavabdehlik daşıyan rəhbərliyi də qınadı. Azər müəllimi yaxından tanıyan adam kimi deyə bilərəm ki, hardasa, onun sözlərində həqiqət var. Onun həm bir ata kimi, həm də müəllim kimi Hacının yetişməsində çox böyük əməyi olub. Neçə illərdir ki, Əliyevlər ailəsi Olimpiya qızılının həsrətindədir. Onun keçirdiyi hissləri başa düşmək olar. Bir tərəfdən də final görüşündə məlum çelenç düyməsi ətrafında ictimaiyyət tərəfindən mübahisəli fikirlər yürüdüldü. Bəziləri buna görə baş məşqçi Namiq Abdullayevi qınadı. Onların fikirlərindən belə çıxdı ki, Namiq Abdullayev çelenç düyməsini basmasaydı, görüşün taleyi Hacının xeyrinə bitəcəkdi. Bəli, hər şey ola bilərdi. Hər bir fikirə hörmətlə yanaşmaq lazımdır.

Namiq Abdullayev etiraz düyməsini basmasaydı, görüşün taleyi Hacının lehinə ola bilərdimi?

Amma bu yazının müəllifi və eyni zamanda güləş mütəxəssisi kimi mən də final görüşü barəsində öz fikirlərimi bildirmək istəyirəm. Fikrimcə, hakim görüşdə o qədər də kobud səhvə yol vermədi. Düzdür, ilk hissədə yapon idmançının güləş qaydalarına zidd hərəkətlərinə görə hakim onu cəzalandıra bilərdi. Belə epizodlarda hər bir hakimin hadisəyə öz yanaşma tərzi olur. Hakim var ki, dinamik, sərt, sürətli açıq mübarizənin tərəfində olur. Hakim də var ki, anında idmançıların gözünün odunu alır və meydanda mən varam mesajını verir. Futbolda da belədir. Bəlkə də Hacı Əliyev hakimin mülayim xarakterli olmağının qurbanı oldu. Qaldı ki, çelenç düyməsinə görə Namiq Abdullayevi top atəşinə tutmağa, fikrimcə, bu da düzgün yanaşma deyil. Əvvəla xatırladaq ki, Namiq Abdullayev Azərbaycan güləşinə böyük töhfələr vermis şəxs və idmanımızın canlı əfsanəsidir. Heç olmasa, onun idmançı titullarına görə onu bu qədər aşağılamayaq. O da insandır, səhv edə bilər. Məgər, istəmirdi ki, Hacı çempion olsun? Mən şəxsən onun necə pərişan olduğunu gözlərindən oxuyurdum. Axı, bu onun məşqçi kimi ilk böyük uğuru olacaqdı.

Bəs, Hacınının finala qədər gəlib çıxmasında məşqçi kimi öz bacarığını səfərbər edəndə niyə ona bu qədər sağol deyən olmadı?

Hacının hindistanlı rəqibi ilə yarımfinal görüşündə Namiq müəllimin Hacı Əliyevə necə doğru taktiki və psixoloji tövsiyələr verdiyini də unutmayaq. O ki qaldı çelenç düyməsinə, sanki Namiq Abdullayev düyməni tərəddüdlə basdı. Sanki arxadan kiminsə və ya kimlərinsə israrından sonra bu qərarı verdi. Bunu yəqin ki, özü açıqlayacaq. Həmin etiraz düz də çıxa bilərdi. Bax onda hamı həmin qərara şərik olacaqdı. Amma səhvə heç kim şərik olmaq istəmir. Bir də ki, epizoda təkrar baxdıqdan sonra nə var ki, düzgün qərar verməyə. Düzdür, epizoda hamıdan yaxın olan Namiq Abdullayev idi. Müəyyən qədər onun da səhvi var. Bəlkə də baş məşqçinin səhvi onda oldu ki, əvvəldən rəqibin yapon olduğunun fərqinə o qədər də varmadı. Yəni həmin epizodda Hacıya xal düşsəydi belə, hakimlərin cürət edib həmin xalı Hacının lehinə verəcəklərinə də inanmırdım. Namiq Abdullayevin bu epizoda görə məşqçilik fəaliyyətinə kölgə salmaq, aşağı qiymət vermək bu doğru olmazdı. Bu isə tamam başqa bir mövzunu əhatə edən təhlildir. Qarşıdakı yazılarda çalışıb Namiq Abdullayevin məşqçilik fəaliyyətini də təhlil edəcəyəm. Əslində hər hansı idmançının məğlubiyyətinə görə heç də məşqçi tam məsuliyyət daşımır. Görüşün əsas taleyi idmançının öz əlində olur. Fakt odur ki, Hacı texniki cəhətdən rəqibinə uduzdu. Bu mənim subyektiv fikrimdir. Haqqı demək lazımdır. Hacı özü də həmişə haqqın, ədalətin tərəfində olan insan olub. Şəxsən ona xüsusi hörmətim olan adam kimi bundan əminəm. Hacı usta güləşçidir. Deyərdim ki, dünyada güləşi bilən tək-tük idmançılardandır. Amma bu dəfə onun icra etdiyi əks-fənd öz əleyhinə işlədi. Hacı bu fəndi yarışlarda həmişə ustalıqla yerinə yetirib və istədiyi xalları öz aktivinə yazdırıb. Əslində, əks-fəndi etmək doğru qərar idi. Amma həmişə hər şey ideal olmaya bilir. Məşhur futbol ulduzları olub ki, 99 faizlik qol hesab edilən penalti zərbəsini yerinə yetirə bilməyiblər. Bəlkə də rəqib quru əzələli idmançı olsaydı, bu fəndə rahat gedərdi. Amma Otoquronun elastikliyi ona imkan verdi ki, havadaykən öz qamətini düzəldə bilsin. Gəlin nikbinlik nümayiş etdirib, idmançılarımızı, məşqçilərimizi çempion kimi qarşılayaq. Nöqsanların, problemlərin, uğursuzluqların həqiqi sahibini, ünvanını tapaq, onları topa tutaq.


Ardı var...

Ramin ALLAHVERDİYEV


Digər xəbərlər