Güləşin atası - Oleq Krapivin - 61

  Bölmə: Güləş | 1298 | 21:53 29-09-2021
Güləşin atası - Oleq Krapivin - 61

Bu gün əməkdar bədən tərbiyəsi və idman xadimi, Heydər Əliyev adına Ukrayna - Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, sərbəst güləş üzrə dünya çempionu, Oleq Krapivinin 61 yaşı tamam olur.

1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olmuş Oleq Krapivin 1966-cı ildə Bakı şəhərinə köçüb. O, Sabunçu rayonunda yerləşən 68 saylı orta məktəbdə təhsil alıb. Daha sonra güləşə bağlı olan Oleq müəllim peşəkar idman karyerasını davam etdirmək üçün həmin rayon ərazisində yerləşən Respublika Olimpiya Ehtiyatları Məktəbinə (ROEM) daxil olur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu da bitirən Oleq Krapivin 1989-cu ildən Ukraynada yaşamağa başlayır.

Oleq Krapivin Ukraynada azərbaycanlıların birlik, əmin-amanlıq şəraitində yaşaması və eyni zamanda onların təhsil, mədəni, idman sahəsində inkişaf etməsinə görə əlindən gələni əsirgəmir. O, Ukraynada yaşasa da, hər zaman qəlbi Azərbaycanla döyünür. Oleq Krapivin siyasi - ictimai fəaliyyəti ilə Azərbaycan xalqına hər zaman töhfələr vermişdir. O, daha çox gözəl insan və idmana dəstək olan, qayğıkeş biri kimi yaddaşlarda qalıb. Təsadüfi deyil ki, idmana bağlı olan adam 7 il ardıcıl olaraq doğma Şamaxı şəhərində öz adına sərbəst güləş üzrə beynəlxalq turnir təşkil edib. Bu turnirə dünyanın hər yerindən iştirakçı ölkələr qatılır. Yalnız keçən il bütün dünyanı bürüyən Covid-19 pandemiyası səbəbindən ənənəvi turnir keçirilmədi. Yeri gəlmişkən, keçən il Oleq Krapivinin 60 illik yubileyi də təntənəli şəkildə qeyd olunmadı. Bunun səbəbi isə 2020-ci il, sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Vətənpərvərlik prinsiplərinə sadiq qalan Oleq Krapivin belə ağır günlərdə öz yubileyi haqqında yox, vətənin xidmətində dayanmağı düşündü. O, müharibə ərzində Azərbaycan Ordusuna dəstək olaraq iki dəfə Yaşat Fonduna pul şəkilində ianələr etdi.

Beləliklə 44 gün davam edən "Vətən müharibəsi" ndə Ali Baş Komandan İlham Əliyevin əmri ilə "Dəmir yumruq" zərbələri altında Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı düşməndən azad etdi. 

Qeyd edək ki, hər il Oleq Krapivin adına sərbəst güləş turniri onun doğum günündə keçirilir. Bu gün isə ölkədə davam edən karantin rejimi ilə əlaqədar turnir həmişə olduğu kimi beynəlxalq səviyyədə yox, yalnız operativ qərargahın tələblərinə uyğun olaraq Respublika səviyyəsində məhdud sayda iştirakçı ilə keçirildi.

Qeyd edək ki, turnir güləşin fədaisi olan Oleq Krapivinin şəxsi vəsaiti hesabına Şamaxı şəhərində tikilib inşa edilən "Şirvan" Güləş Klubunda keçirilib. Ümid edirik ki, tezliklə planetimiz koronavirus infeksiyalarından xilas olacaq və növbəti illərdə Oleq Krapivin adına keçirilən ənənəvi turnir əvvəlki illərdən də yüksək səviyyədə təşkil olunacaq.

Bir daha “Olimpsport” və güləş sevərlər adından Oleq Krapivini doğum günü münasibətilə təbrik edir, ona uzun ömür can sağlığı diləyirik və onun hər zaman güləşə atalıq etməsini arzulayırıq.


Digər xəbərlər