Azərbaycan güləşçisi: "Bürünc medalı qızılla əvəzləməyə çalışacağam

  Bölmə: Güləş | 341 | 17:32 05-10-2021
Azərbaycan güləşçisi: "Bürünc medalı qızılla əvəzləməyə çalışacağam

"2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş mundialda 74 kq-da debüt etmişdim. Həmin yarışda medal qazana bilməsəm də, bu dəfə 86 kq-da fəxri kürsüyə qalxdım. Əlbəttə, Azərbaycana bürünc medal qazandırdığım üçün şadam".

Bu fikirləri Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında fəxri kürsünün üçüncü pilləsinə yüksələn Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

86 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, millinin heyətində böyüklərin dünya çempionatında daha öncə iştirak etmiş güləşçi yalnız özü olub: "Heyətimiz əsasən perspektivli gənc güləşçilərdən qurulub. Medalsız qalan güləşçilər ruhdan düşməməlidir. Ümid edirəm ki, növbəti dünya çempionatında medal qazanarlar. Yarımfinalda Deyvid Teylora (ABŞ) uduzdum. Onunla heç vaxt qarşılaşmamışdım. Teylor olimpiya çempionu və bu çəkinin liderlərindən biridir. Onunla güləşmək mənim üçün böyük təcrübə oldu. Çalışacağam ki, növbəti mundialda bürünc medalı qızılla əvəzləyim".

Abakarov yarışadək bir neçə təlim-məşq toplanışı keçdiklərini xatırladıb: "Bunun üçün bizə bütün şəraiti yaradan federasiyaya və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Azarkeşlərimizə də təşəkkür edirəm. Əsas hədəf sözsüz ki, Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Gənclərdən qurulmuş heyətimizlə olimpiadaya 100 faiz hazır olmalıyıq”.

Osman Nurməhəmmədov da dünya çempionatında 92 kq çəkidə bürünc medal qazandığı üçün çox sevindiyini söyləyib: "Şadam ki, məşqçilərimizin etimadını doğrultdum. Çempion olmaq istəyirdim. Ancaq alınmadı. Növbəti dəfə qızıl medal əldə etməyə çalışacağam. Yarımfinaldakı məğlubiyyətimə gəlincə, Polşa təmsilçisi Məhəmməd Qurbanov həm fiziki cəhətdən güclü, həm də təcrübəli güləşçidir. Texniki detallara və digər amillərə görə ondan geri qaldığımı düşünmürəm. Sırf fiziki göstəricələrə görə Qurbanova məğlub oldum”.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi Turan Bayramov (70 kq) bürünc medal uğrunda görüşə çıxacaq. O, Zurabi Yakobişvili (Gürcüstan) ilə güləşəcək.


Digər xəbərlər