Şəhid İqbal Astanlının xatirəsinə güləş yarışı keçirilib - FOTO-VİDEO

  Bölmə: Güləş | 635 | 19:13 18-11-2021
Şəhid İqbal Astanlının xatirəsinə güləş yarışı keçirilib - FOTO-VİDEO

Noyabrın 17-də Biləsuvar Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında İkinci Qarabağ müharibəsində Şəhid olmuş İqbal Astanlının əziz xatirəsinə həsr olunmuş I Respublika turniri keçirilib. 

Olimpsport.az xəbər verir ki, yarışdan əvvəl idman ictimaiyyətinin və yerli icra hakimiyyətinin nümayəndələri, eləcə də şəhid ailələri rayon ərazisində İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə yaradılmış şəhidlər guşəsini ziyarət edib.

Daha sonra turnirin təntənəli açılış mərasimi keçirilib.

Öncə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhid İqbal Astanlının keçdiyi həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

Açılış mərasimində Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qüdrətov başda olmaqla rayon polis idarəsinin rəisi Nəsib Məmmədov,rayon prokuroru Camal Bağırov, Biləsuvar Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Araz İsgəndərov, rayon hərbi komissarı Nağı Cəfərov, Regional Mədəniyyət İdarəsinin rəisi Əlisoltan Sadıxov və eləcə də bir çox şəhid ataları iştirak ediblər. 

Açılışda nitq söyləyən rayon İH başçısı Faiq müəllim 44 gün davam edən Vətən Müharibəsində Şəhid olmuş bütün Şəhid ailələrinə baş sağlığı verib və "Dəmir Yumruq" adı altında qazanılan Zəfər qələbəmizdən bəhs edib.

Açılış mərasimində Şəhid ailələrinin üzvləri də çıxış edərək öz ürək sözlərini ifadə edərək yarışın təşkilatçılarına göstərdikləri qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra çıxış üçün söz yarışın baş hakimi və təşəbbüskarı, sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim, zorxana güləşi üzrə dünya və Avropa çempionu Tural Əliyevə verilib. Tural Əliyev  Şəhid İqbal Astanlının iştirak etdiyi güləş yarışında hakimlik etdiyi günləri böyük fərəh hissi ilə vurğulayıb. O qürur hissi ilə bildirib ki, vaxtilə hakimlik etdiyi idmançının bu gün Şəhid kimi adına keçirilən turnirində baş hakimlik edir. Tural Əliyev fürsətdən istifadə edərək yarışın keçirilməsinə dəstək verən Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına təşəkkür edib.

Yarışın açılış mərasimindən sonra yarışlara start verilib. 10 komandanın 100-ə yaxın idmançısının iştirak etdiyi yarışda yer tutmuş güləşçilər yarışın təşkilatçıları tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Şəhid İqbal Astanlı peşəkar güləşçi olub və bir sıra yarışlarda mükafata layiq yerlər tutub.

Yarışdan hazırlanmış foto-video reportajı təqdim edirik: 

 


Digər xəbərlər