Azərbaycanın 2 karateçisi Dünya Oyunlarına lisenziya qazanıb

  Bölmə: Digər növlər | 1509 | 21:56 04-12-2021
Azərbaycanın 2 karateçisi Dünya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın 2 karateçisi gələn il ABŞ-da keçiriləcək XI Dünya Oyunlarına lisenziya qazanıb.

Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) sözügedən yarışda iştirak hüququ əldə edib.

Hər iki idmançı buna Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında yer tutmaqla nail olub. Mundialda Zaretska qızıl, Qurbanlı isə bürünc medala layiq görülüb.

Rafael Ağayevin (75 kq) də Dünya Oyunlarına lisenziya qazanmaq imkanları yüksəkdir. Onun bu mötəbər yarışa qatılması 2022-ci ildə Karate1 seriyasından prestijli turnirlər və Avropa çempionatındakı nəticədən asılı olacaq.

Qeyd edək ki, Dünya Oyunlarının karate yarışları 10 çəki dərəcəsi və kata çıxışları üzrə keçiriləcək. 12 kateqoriyanın hər birində 8 idmançı mübarizə aparacaq. Hər kateqoriyada ilk "üçlük" dünya çempionatının mükafatçılarıdır. Digər 3 yer Dünya Oyunlarından öncə yenilənən reytinqdə ilk pillələri tutanlar, qitə çempionlarına və təşkilatçı ölkənin təmsilçisinə veriləcək.

Dünya Oyunları 2022-ci il 7 - 17 iyulda Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçiriləcək. Yarışda 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir. Oyunların karate yarışları 8-9 iyulda olacaq.


Digər xəbərlər