"Qarabağ" darmadağınla ilk yarımfinalçı olub

  Bölmə: Ölkə futbolu | 1597 | 22:11 11-02-2022
"Qarabağ" darmadağınla ilk yarımfinalçı olub

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

İlk oyun günündə cəmi bir görüş baş tutub. Günün yeganə matçında "Qarabağ" "Keşlə"nin qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam klubu cavab qarşılaşmasında rəqibini darmadağın edib - 6:0.

Matçda hesabı 9-cu dəqiqədə Patrik Andrade açıb. Kabo-verdeli yarımmüdafiəçi qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Cəmi 8 dəqiqə sonra İbrahima Vadji paytaxt təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. 43-cü dəqiqədə Ramil Şeydayev hesab arasındakı fərqi 3 topa çatdırıb. 2 dəqiqə sonra isə Vadji dublunu rəsmiləşdirib. Oyunda növbəti qol 78-ci dəqiqədə vurulub. Matçda son nöqtəni isə Şeydayev qoyub. 84-cü dəqiqədə fərqlənən hücumçu yekun hesabı müəyyənləşdirib.

Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Qarabağ" adını yarımfinala yazdırıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu mərhələdə "Sumqayıt" / "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq. Ölkə kubokunun son qalibi "Keşlə" isə mübarizəni dayandırıb.

Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Fevralın 12-də "Sabah" "Neftçi"ni, fevralın 13-də isə "Qəbələ" "Sumqayıt"ı, "Səbail" "Zirə"ni qəbul edəcək.


Digər xəbərlər