Avropa çempionu müəlliminin müəllimini ziyarət edib

  Bölmə: Baş redaktor | 879 | 09:18 22-06-2022
Avropa çempionu müəlliminin müəllimini ziyarət edib

Bir neçə gün öncə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sərbəst güləş üzrə U-17 Avropa birinciliyində qızıl medal qazanan (51 kq) Elman Ağayev və onun şəxsi məşqçisi, idman ustası Əlisa Abbasov "Olimpsport İdman Klubu" nun qonağı olublar.

Elman Ağayev qazandığı zəfərdə payı olan müəlliminin müəllimi, "Olimpsport" un rəhbəri, əməkdar məşqçi Ramin Allahverdiyevə minnətdar olmaq üçün bu ocağa gəldiyini bildirib.

Xatırladaq ki, Elman Ağayevin şəxsi məşqçisi gənclər arasında Azərbaycan çempionu, Dünya Kubokunun gümüş medal sahibi, idman ustası Əlisa Abbasov əməkdar məşqçi Ramin və Zamin Allahverdiyevlərin yetirməsi olub.

Əlisa Abbasov və Elman Ağayev bu qələbəni bir məktəbin uğuru hesab etdiklərini və buna görə özlərinə mənəvi borc bilərək bu ocağa ziyarətə gəldiklərini bildiriblər. Ramin Allahverdiyev də öz növbəsində tələbəsi Əlisa Abbasovu və onun yetirməsi Elman Ağayevi bir daha bu möhtəşəm qələbə münasibətilə təbrik edib və onlara belə həssaslıq və sadiqlik nümayiş etdirdiklərinə görə öz təşəkkürünü bildirib. Ramin Allahverdiyev xüsusilə vurğulayıb ki, Avropa çempionluğunu tezliklə unudub dünya birinciliyində uğur qazanmağa köklənmək lazımdır. Təcrübəli məşqçi bunun üçün idman rejiminə riayət etməyin vacibliyini xüsusi vurğulayıb.

Sonda Elman Ağayevə Milli Olimpiya Komitəsinin (MOK) rəmzi hədiyyəsi təqdim olunub və xatirə şəkilləri çəkilib.


Digər xəbərlər