"Neftçi"nin yeni baş məşqçisi açıqlandı

  Bölmə: Ölkə futbolu | 571 | 11:24 22-06-2022
"Neftçi"nin yeni baş məşqçisi açıqlandı

"Neftçi"nin yeni baş məşqçisi müəyyənləşib.

Komandanı rumıniyalı Laurensiu Regekampf çalışdıracaq. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub. 

Regekampf “Neftçi” ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Laurentsiu Regekamfın ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında da baş məşqçilik edib. Onun sonuncu iş yeri “Universitatya” (Krayova) olub.

Baş məşqçi kimi “Styaua” ilə Rumıniya çempionatının (2013, 2014), Superkubokunun (2013) və Liqa Kubokunun (2016) qalibi olub. 2012/2013 mövsümündə UEFA Avropa Liqasının 1/8 final mərhələsinədək irəliləməyi bacarıb. 1/16 finalda “Ayaks”ı mübarizədən kənarlaşdıran Regekampfın komandası 1/8 finalda gələcək çempion “Çelsi”yə uduzaraq mübarizəni dayandırıb. “Styaua”nı UEFA Çempionlar Liqasının qrup mərhələsinə daşıyan 46 yaşlı mütəxəssis “Əl Hilal”la 2014-cü ildə Asiya Çempionlar Liqasının finalına yüksəlib, 2015-ci ildə isə Səudiyyə Ərəbistanının Şahzadə Kubokunda 2-ci yeri tutub. O, “Əl Vəhdə” klubu ilə BƏƏ Super Kubokunun (2017, 2018) və Liqa Kubokunun (2018) qalibi olub, BƏƏ çempionatında 2-ci yeri tutub (2018).Laurentsiu Regekampf “Sporturilor” qəzetinin keçirdiyi sorğuya görə 2013-cü ildə Rumıniyada ilin baş məşqçisi seçilib.

Xatırladaq ki, Regekampf "Neftçi"də komandaya 8 ildən sonra çempionluq qazandıran Samir Abasovu əvəzləyir. 


Digər xəbərlər