“Slovan”ın baş məşqçisi "Qarabağ"ı balaca ərköyün adlandırdı

  Bölmə: Ölkə futbolu | 2146 | 23:13 26-08-2016
“Slovan”ın baş məşqçisi "Qarabağ"ı balaca ərköyün adlandırdı

“Püşkatma mərasiminə komanda ilə birlikdə həyəcanlı şəkildə izlədik. Nəticə ürəyimizcə oldu”. Olimpsport.az saytının məlumatına görə, bunu “Slovan”ın baş məşqçisi Yindrix Trpisovski deyib.

 

Çexiya klubu Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Qarabağ”la yanaşı, İtaliya “Fiorentina”sı və Yunanıstan PAOK-u ilə qarşılaşacaq.

 

Maraqlıdı ki, Trpisovski qrupda ən çox çəkindiyi komandanın “Qarabağ” olduğunu bildirib: “İdman baxımından balanslaşdırılmış qrupa düşdüyümüzü fikirləşirəm. Məncə, bu qrupdan çıxmaq olar. Bu baxımdan məmnun qaldım. Fikrimcə, daha güclü qrupa düşə bilərdik. Məsələn, “Vilyarreal” və “Styaua” olan qrupa da düşə bilərdik. Lotereya bizə “Fiorentina” və PAOK-u çıxaranda sevindik. Onlarla oynamaq çox maraqlı olacaq və bu, futbolçular üçün əlavə stimul olacaq. Təəssüf ki, balaca ərköyün “Qarabağ” da bu qrupa gəldi (gülür)”.

 

40 yaşlı mütəxəssis “Qarabağ” barədə xüsusi fikirlər səsləndirib: “Həm uzaq səfər baxımından, həm də rəqibin ustalıq səviyyəsini nəzərə alaraq, “Qarabağ” kimi komanda ilə qarşılaşmaq istəmirdik. Onlar bu səviyyəni “Viktoriya” ilə oyunlarda nümayiş etdiriblər. “Qarabağ” 4-cü səbətdə yer almasına baxmayaraq, çox güclü rəqibdi. Onların burda olması heç də reallığı əks etdirmir”.

 

Trpisovski İtaliyaya səfər edəcəkləri üçün sevincli olduğunu da əlavə edib: “Florensiya zəngin ənənəyə malik böyük şəhərdi. “Fiorentina”nın heyətində kifayət qədər ulduz futbolçu çıxış edir. Üstəlik, oyunları zamanı stadiondakı atmosfer də möhtəşəm olur”.

 

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 15-də start veriləcək.


Digər xəbərlər