Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına yüksəlib

  Bölmə: Güləş | 596 | 09:00 28-06-2022
Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına yüksəlib

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

Azərbaycanı təmsil edən yunan-Roma güləşçiləri Nihad Quluzadə və Laçın Vəliyev finala yüksəliblər.

55 kq çəki dərəcəsində yer alan Quluzadə fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. O, yarımfinalda almaniyalı Georgios Skarpellodan da güclü olub - 5:1. Quluzadə finalda rumıniyalı Denis Mihayla qarşılaşacaq.

87 kq çəkidəki Vəliyev isə 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. O, 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Azərbaycanlı pəhləvan yarımfinalda ermənistanlı Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Vəliyev finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.

Digər pəhləvanlara gəldikdə, 130 kq-da Heybulla Qıstarov mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk görüşündə macarıstanlı Adolf Başo ilə bacarmayıb - 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcüstanlı Mate Qokadze ilə münasibətləri aydınlaşdıracaq.

63 kq-da Ziya Babaşov ilk mərhələdə ukraynalı Oleq Xalilova 2:4, 77 kq-da Xasay Həsənli isə türkiyəli Yüksel Sarıçiçeyə 1:3 hesabı ilə məğlub olub. Bu çəkilərdə həlledici görüşlər iyunun 28-də keçiriləcək.


Digər xəbərlər