"Əsas odur ki, məğlub olmadıq" - Denis Silva

  Bölmə: Ölkə futbolu | 2517 | 01:05 18-12-2016
"Əsas odur ki, məğlub olmadıq" - Denis Silva

Topaz Premyer Liqasının XIV turunda “Qarabağ”la qarşılaşan “İnter”in müdafiəçisi Denis Silva jurnalistlərin suallarını cavablandırıb.

 

- Qarlı havada liderlə qarşılaşdınız və 1 xal qazandınız. Kim sərf etdi nəticə?

- Yaxşı, maraqlı oyun oldu. Qarın yağması işimizi az da olsa çətinləşdirmişdi. Meydanda aqressiv mübarizə gedirdi. Topun sürətini də düzgün hesablamaq olmurdu. İlə Gəncədə yekun vuracağıq. “Kəpəz”lə matçda da qələbə qazanıb, fasiləyə yaxşı əhvalda yollanmaq istəyirik.

 

- Sizin əməyiniz az olmadı. Xüsusilə də birinci hissədə topu qapı xəttindən çıxarmaqla sanki 1 xalın qəhrəmanı oldunuz...

- Yadımdadı, həmin epizod zamanı topa toxunmasaydım, hesab açılacaqdı. Deməli, düzgün mövqe seçmişdim. Biz komanda olaraq bu nəticəni qazandıq.

 

- İkinci hissədə müdafiəyə çox çəkildiniz. Bu baxımdan heç-heçəni sizin üçün uğurlu nəticə hesab etmək olarmı?

- Müdafiəyə çəkilməyimiz səbəbsiz deyildi. Əvvəla, “Qarabağ” çox yaxşı komandadı və liderdi. Üstəlik havanın soyuq olması, qarın güclənməsi işimizi çətinləşdirdi. Əsas odur ki, məğlub olmadıq.

 

- İli başa vurmaq üçün Gəncəyə yollanacaqsız. İlk dueldə qalib gəlmisiniz. Demək olarmı, cütün taleyini böyük ölçüdə həll etmisiniz?

- Hələ qarşıda 90 dəqiqə var. Həmin oyunda çox şey dəyişə bilər. Oynamaq, mübarizə aparmaq lazımdı.

 

- “Kəpəz”in revanş ala biləcəyindən ehtiyatlanırsız?

- Bu suala baş məşqçimiz cavab verə bilər. Çünki komandanı meydana o çıxarır.

 

- Cari çempionatda “Qarabağ”la iki dəfə qarşılaşmısınız və 4 xal qazanmısınız. Çempionun nəbzini tutmusunuz?

- Yaxşı komandamız var. Heyətimizdə legionerlər azdı, amma yerli futbolçularımız çox yaxşıdı. Həm də “Qarabağ”a qarşı necə oynamağın gərəkdiyini bilirik.

 

- Yeni ili Bakıda qarşılayacaqsız, yoxsa Braziliyaya gedəcəksiz?

- Braziliyaya getməyi düşünmürəm. Dostum Bəhreyndə yaşayır. Onun yanına gedəcəyik və 5 gün orda qalacağıq. Yeni ili də orda qarşılayacağıq.


Digər xəbərlər