Tərlan Əhmədov qışda böyük dəyişikliklərin əleyhinədi: "Hazırkı "Neftçi" potensialının 30 faizini nümayiş etdirir"

  Bölmə: Ölkə futbolu | 20 | 17:38 12-10-2017
Tərlan Əhmədov qışda böyük dəyişikliklərin əleyhinədi: "Hazırkı "Neftçi" potensialının 30 faizini nümayiş etdirir"

Cari çempionatda ilk və hələ ki yeganə baş məşqçi istefası "Neftçi"də reallaşdı. İlk 2 turda ardıcıl məğlubiyyətlərdən sonra Elxan Abdullayev istefa verdi və bu, klub rəhbərliyi tərəfindən qəbul olundu. Bundan sonra komanda bir müddət baş məşqçi əvəzi olan, əvəzedicilərin çalışdırıcısı Elşad Əhmədova tapşırıldı. Topaz Premyer Liqasında V turdan isə "Neftçi"də yeni baş məşqçi dönəmi başladı. Bu, komandanın futbolçusu və məşqçisi olmuş Tərlan Əhmədovun təyinatı ilə reallaşdı. 46 yaşlı mütəxəssis Sport24.az-a geniş müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib, maraqlı mətləblərdən söz açıb.

 

"Komandanın istəkli olduğu, tempi yığdığı bir vaxtda belə bir fasilənin yaranmasının mənfi tərəfləri daha çoxdu"

-  Milli komandanın oyunu ilə əlaqədar çempionatımızda yaranan 2 həftəlik fasilə planlarınıza necə təsir göstərdi? 
-  Fasilə çox uzun oldu. Bunun istər-istəməz heç bir kluba xeyri yoxdu. Belə pauza bizə daha da çətinlik yaradır. Çünki komandanın istəkli olduğu, tempi yığdığı bir vaxtda belə bir fasilənin yaranmasının mənfi tərəfləri daha çoxdu. Təsəvvür edin ki, 5 futbolçumuz yığmada idi – üçü əsas, ikisi U-21-də. Bunlar da əsas heyət oyunçularıdı və bizim üçün problem yaradır. Komanda yavaş-yavaş özünə gəldiyi bir vaxtda bu fasilənin bəlkə də xeyri ola bilərdi. Ancaq zərəri həddən artıq çox ola bilər. Yığma üzvləri 7-8 gün əsas heyətlə birgə məşq etmədilər. Bu, oyun planında hansısa problem yarada bilər. Ona görə düşünürəm ki, fasilənin xeyri az olacaq, nəinki ziyanı. 

- Komandanı hələ qəbul etməmişdiniz. Kənar şəxs olaraq, “mətbəx”ə daxil olmadan “Neftçi”yə baxanda hansı qüsurları görünürdü?
-
  Mən təkcə “Neftçi”ni yox, bütün klubları müşahidə edirdim. Konkret “Neftçi”yə gəlincə, futbolçular sanki məcburən meydançaya buraxılırdılar. Elə bil özlərinin özlərinə inamsızlığı daha çox idi, nəinki inamı. Bunun da bütün komandanın oyununa mənfi təsiri daha çox idi. Həmişə futbolçulara deyirəm ki, götürün “Real” və ya “Barselona”nı, futbolun zirvə nötqəsini göstərirlər, ancaq onların da istəyi, əzmkarlığı görünür. Bu, olmasa, nəticə qazanmaq qeyri-mümkündü. “Neftçi”də o istək, əzmkarlıq ümumiyyətlə, yox idi. Futboldan küsülü halda idilər. Hərdən oyunçulara deyirəm ki, bəzən fikirləşirsiniz mən sənəti səhv salmışam, başqa sənəti istəyirdim, gətirib məcburən futbol oynadırlar. Elə bir anlayış yaranırdı və bunu aradan qaldırmaq zaman tələb edir, yavaş-yavaş işimizi görürük. Qıraqdan baxanda onu müşahidə edirdim ki, futbolçular bir-birinə dəyər vermir, bir-birindən küsülü idilər. Oyunda qardaşlıq münasibəti ümumiyyətlə, yox idi. Bunların hamısı kənardan daha çox müşahidə olunurdu. 

-  Bəs, içəri daxil olduqdan sonra, artıq “mətbəx”in içində olan, “qazan”ı şəxsən özü qarışdıran bir şəxs kimi nə gördünüz?
- İçəri girəndən sonra etdiyim müşahidələrin doğru olduğunu gördüm. İlk olaraq onu deyim ki, komandada mehribançılıq ümumiyyətlə, yox idi. Gördüm ki, qruplaşma həddindən artıq çoxdu. Bir komandada 6-7 legioner var, onlar bir qrupdu, onların içində də bir əlavə qruplaşma var. Eləcə də yerli futbolçular arasında. Adamda istər-istəməz sual doğurur ki, bu, nədən qaynaqlanır? Futbolun bir milləti var - o da futboldu. Hamı yerlidi, hamı əcnəbidi, bu anlayışda futbol olmalıdı. Ancaq komandanın daxilinə girəndə hiss etdim ki, nə yerli əcnəbiləri qəbul edir, nə də əcnəbilər yerliləri. Bu da komandanı böyük təzyiq altında saxlayır. Bu, rəhbərlik tərəfdən deyildi, sadəcə, futbolçular özləri-özlərinə təzyiq yaradırlar. Oyun baxımından futbolçuların heç biri heç kimdən geri qalmır. Komanda şəklində də zəif deyillər. Ancaq özlərinin özlərinə yaratdığı təzyiqin altında futbol oynaya bilmirdilər. 

- Kritik vəziyyətdə olan daxili ab-havanı aradan qaldırmaq üçün fərdi söhbətlər oldu, yoxsa ümumi iclas? Bu psixoloji durumdan çıxmaq üşün hansı addımlar atıldı?
-  Komandaya sentyabrın 11-də gəlmişəm, 12-dən sırf məşqlərə başlamışam, 16-da da ilk oyunumuz olub. Əvvəl ümumi komanda şəklində söhbət etdim ki, görüm problem nədədi, futbolçuları bir-bir çağırıb fərdi söhbət edəndə onsuz da üzə çıxacaqdı. Ümumilikdə görüm ki, problem nədədi, nə bunlara maneçilik törədir, niyə istəkli deyillər. Dünyanın sevimli idman növünü küsülü halda oynamağın hansısa bir səbəbləri olmalıdı. Sonra qrup şəklində söhbətlərim oldu. Legionerləri bir çağırdım, yerlilərdən yaşlıları bir, gəncləri bir. Bundan sonra artıq fərdi danışıqlara keçdim və gördüm ki, problemlər düşündüyüm kimi eynidi. Futbolçularda özlərinə, komanda yoldaşına inam yoxdu, qruplaşmalar, bir-birini qəbul etmir və sair. İlk məşqdə istər-istəməz əhval-ruhiyyə yüksək olsa da, bəzi epizodlarda görürdüm ki, qeyri-etik ifadələr işlədilir. Bu, hardansa inamsızlıqdan əmələ gələn məsələdi. Yavaş-yavaş fərdi səhbətlərlə, nəzəri məşğələlərlə futbolçulara inam verməyə başladıq ki, siz Azərbaycanın ən məşhur klubundasınız. Burda oynamaq üçün vaxtilə o qədər can atan futbolçular olub. “Neftçi” Azərbaycan futbolunun tarixidi, burada oynamaq şərəfin şərəfidi. Necə ki millidə oynamağa görə qürur hiss duyursan, Azərbaycan futbolunun tarixi “Neftçi”yə bağlı olan bir şeydi. Onlara aşılamağa çalışdım ki, siz hansı klubda oynadığınızı anlamalısınız, buna dəyər verməlisiniz. Azərbaycan futbolunun bütün ilklərini bu komanda edib - ilk Azərbaycan çempionu, avrokuboklarda ilk dəfə qrupa düşüb. Millinin yaxşı nəticələri bu komandanın uğurlu çıxışıyla bağlıdı. Futbolçular belə bir kluba dəyər verməlidirlər, bilmədirlər ki, hansı klubda oynayırlar. Hər gün 40 dəqiqəyə yaxın nəzəri məşğələlərimiz olur ki, burda bütün məsələlərdən, tələb olunan şeylərdən danışılır. Artıq hiss olunur ki, komandada dəyişiklik gedir.

 

"Mən ilk gündən futbolçulara demişəm ki, müdafiə yox, hücum futbolu xoşlayıram"

- Mövsümün əvvəlində sanki ortabab idarəçinin qurduğu bir “playstation” komandası görürdük. “Neftçi” “quru” futbol sərgiləyir, şən, emosional oyundan söhbət getmirdi. Nəhayət, hücumameyllilik yox idi. Vurulan qol ola bilərdi, ancaq təsadüfün, standart vəziyyət nəticəsində idi, düşünülmüş kombinasiyanın yox. Hücum futbolu görmürdük. Doğrudanmı, bu, psixoloji problemlər, daxili qruplaşmalarla bağlı idi?
-  Özünəinamı, qalibiyyət istəyini futbolçulara aşılamaq məsələnin tamamilə başqa tərəfidi. İlk gündən onlara demişəm ki, müdafiə futbolu xoşlamıram. Səhv də etsək, qol da buraxsaq, məğlub də olsaq hücum futbolu oynayaraq bunu etməliyik. “Neftçi”də olduğum bu 4 həftədə futbolçulara sırf hücum futbolu aşılamışam. Hər dəfə demişəm ki, hücum futbolu oynayan komandanın buraxacağı qollar mütləqdi. Komanda sırf hücuma köklənir və nəticədə müdafiədə boşluqlar əmələ gəlir. “Barselona”nın son çempionat oyunları da onu göstərdi ki, komanda nə qədər hücum futbolu oynasa da, qol buraxmaq ehtimalı bir o qədər çoxdu. Məsələnin bu tərəfindən qorxmadım. Futbolçulara da çalışdım onu aşılayım ki, qorxmadan, istəklə hücum futbolu oynayaq. Alınacaq-alınmayacaq, ancaq hücuma qoşulmalıyıq, rəqibləri təzyiq altında saxlamalıyıq. Məğlub da olsaq, gözəl futbol oynayaraq meydançadan başıuca çıxacağıq. Oyunu sırf müdafiədən qursam, bəlkə 3 oyundan 1-də hansısa sürətli futbolçumuzun hesabına qol vura bilərik, iki oyun heç-heçə edəcəm, ancaq qalanları məğlubiyyətdi. Hücum futbolunda çalışıram ki, rəqibləri təzyiq altınsa saxlayım. Nəzəri məşğələ bir mövzudu, məşqdə hücumun quruluşu tamam başqa.    

- Son 40 ildə Azərbaycanda 3 elitar müdafiəçi tanıyırıq – Əsgər Abdullayev, Tərlan Əhmədov və Rəşad Sadıqov. Rəşadın hələ məşqçilik karyerası yoxdu. Birinci Əsgər müəllim başlayıb ki, onunla siz “Olimpik” tarixində ən böyük uğuruna imza atmısınız, komandanın da kapitanı idiniz. Abdullayevin aşıladığı fəlsəfə total müdafiə futbolu idi. Komandanın baş məşqçisinin müdafiəçi olduğu bilinərkən, ağla ilk gələn budu ki, qapısının ağzına “avtobus” qoyacaq. Hücum futbolu sevginiz hardandı?
-  Azərbaycan çempionatında 36 qol vurmuşam. Çalışmışam ki, həmişə hücumda oynayam, irəli çıxım. Məndə həmişə qol vurmaq arzusu olub. Cərimə zərbələrindən, başla vurduğum qollar olub. Düzdür, “Olimpik”də mərkəz müdafiəçisi olmuşam. Ancaq onu da nəzərə alın ki, topu arxada saxlamağı xoşlamamışam, həmişə uzun ötürmələrlə hücum qurmağa çalışmışam. Baş məşqçinin istəyi belə idi ki, müdafiə olunmalı, qol vurandan sonra arxaya çəkilməli idik. Ancaq mən o futbolu heç vaxt xoşlamamışam. Heç vaxt məşqçilərin istəyinə qarşı da çıxmamışam. Açıq deyim ki, baş məşqçi hansı taktikanı seçirsə, onu canla-başla həyata keçirməliyəm. Ancaq öz istəyim başqa olub ki, futbol topla oynanılırsa, niyə biz onu çox oynamayaq, niyə ona sevgimiz olmamalıdı? Niyə həmişə müdafiə olunmalıyıq? Biz topla oynamağı bacarırıqsa, niyə oynamayaq? Sovetlər dövründə Qafqaz futboluyla sevilirdiksə, niyə bu gün o futbolu aşılamayaq, daha da onu təkmilləşdirməyək, inkişaf etdirməyək? Futbolçular hücum sevgisiylə yaşadıqları halda, niyə onları müdafiədə oturdaq? Nə etmək lazımdı ki, hücum futbolu oynanılsın? Düzdür, baş məşqçi müdafiəçi olubsa, belə düşünülür ki, o, ancaq müdafiə futbolu aşılayacaq. Yaxşı, Şenol Günəş qapıçı olubsa, futbolçuların hamısını qapıya qoysun? (gülür) Hər bir insanın futbola baxışı var. Həmişə istəyim hücum futbolu olub. Bu sevgiylə futbola bağlanmışam, müdafiə olunmaqla yox. Düzdür, mən hücumçu kimi başlamışam, sonra məşqçilər məni yavaş-yavaş arxaya gətiriblər. Əvvəl dayaq yarınmüdafiəçisi olmuşam, sonra müdafiəçi.

-  Turnir cədvəlinə, “Neftçi”nin tutduğu yerə baxanda utanc, daxili əzab hissi keçirirsinizmi? Sizin təsəvvürünüzdə, bu heyət potensialının neçə faizini ortaya qoyur?
-  Açıq deyim ki, turnir cədvəlinə baxanda, adam istər-istəməz utanır. Çünki komanda adına layiq yerdə deyil. “Neftçi” həmişə liderlər qrupunda olub. Hətta ən bərbad vaxtında belə lider olub. Ancaq keçən mövsümü də 7-ci yerdə bitirib, bu çempionatda da həmin pillədədi.  Buna görə adam dost-tanış içində olanda komandanın tutduğu yerə görə utanır. Deyim ki, komandanı mən yğmamışdım, mənlik deyil – bu, düzgün yanaşma olmaz. Artıq “Neftçi”nin içindəyəmsə, mən də utanıram ki, niyə bu komandanı tez bir zamanda qaldıra bilmirik? Çox utanvericidi. Ancaq zamana ehtiyac var, birdən-birə heç nəyə nail ola bilmərəm. Bu yerdə olmağımızın səbəbləri var. Bəzilərini sizlərlə bölüşdüm, bəziləri də rəhbərliklə daxili işimizdi. Komandanın potensialına gəlincə, təqribi imkanlarının 30 faizini nümayiş etdirir.
 

"Abışovun yarımmüdafiənin mərkəzində oynamaq istəmədiyini açıq-aşkar onun danışığından hiss etdim"

- Konkret futbolçulara keçsək...
- Namiq Ələsgərovun düşdüyü durum ürəkağrıdıcıdı. Açıq deyim ki, Namiqin hazırkı oyun potensialı “Qarabağ”da, “Bakı”da gördüyümdən fərqlidi. O, hücumun hər yerində komanda üçün dönüş nöqtəsi edə bilərdi. Ancaq bu gün onda geriləmə gedir. Düzdür, Qəbələdə qol vurdu, son turda “İnter”lə matçda əvvəlki oyununa yaxınlaşdığını hiss elədim, bu amil bir az məni sevindirdi. Ruslan Abşovla söhbətimdə mənə dedi ki, gah orda oynayıram, gah burda. Buna görə istəs-istəməz bir mövqeyə uyğunlaşa bilmirəm. Mən də bunu anlayışla qarşıladım, çünki hər bir futbolçunun meydançada sevdiyi mövqe var. O mövqedə futbol oynayır, ona xüsusi məhəbbəti var. Bir oyunda hardasa dəyişiklik etmək olar, bu qaçılmazdı. Ancaq bir oyun ora, bir oyun bura, bu, olmaz. Ruslanı öz mövqeyinə qaytardıq və getdikcə hiss edirsən ki, oyunu yaxşılaşır. Ancaq öz formasından çox-çox uzaqdı.

- Düzgün başa düşdük ki, Abışovun əsl mövqeyi dayaq yarımmüdafiəçisi yox, mərkəz müdafiəçisidi?
- Bəli. Sırf həmin mövqedir. Özü də burda oynamaq istəyirdi.

- Belə çıxır ki, neçə vaxtdır dayaq yarımmüdafiəçisi oynamaq Ruslanın ürəyincə deyilmiş?
-  Mən anladığım qədər Ruslanın istəyi mərkəz müdafiəçisi oynamaqdı. Yarımmüdafiənin mərkəzində oynamaq istəmədiyini açıq-aşkar danışığından hiss etdim. Mən də istəyini anlayışla qarşılayaraq arzuladığı mövqeyə qaytardım.

 

"Emin Mahmudov biz azərbaycanlılara o qədər də oxşamır"

-  Bəs Rəhman Hacıyev? O, harda oynamaq istəyir?
- Oynamaq istəyi məsələsi deyil. Bilirik ki, Rəhman hücumamyelli, topla oynamağı xoşlayan bir futbolçudu. Ancaq heç bir futbolçuda “meydançada nə istəyirəm, onu da edirəm” anlayışı olmamalıdı. Hər bir futbolçu öz komandasının uğuru üçün çalışmalıdı. Rəhmanın potensialı daha böyükdü. O, hücumun arxasında oynayan futbolçudu. Zərbələri, sürəti, meydançanı görmək qabiliyyəti, topla rəftarı nöqteyi-nəzərdən əsl mövqeyi oyun qurucusudu. Hacıyevi müdafiəyəmeylli yarımmüdafiəçi oynatmaq da olmur. Çünki mübarizə aparıb top almaq qabiliyyəti aşağıdı. 

- Cinahda da effektiv deyil..
-  Bəli. Onda cinah yarımmüdafiəçisi funksiyaları yoxdu, sırf yeri hücumçunun arxasındadı. Digər futbolçularımıza gəlincə, Rəşad Sadiqovu “Zirə”dən ayrılandan sonra komandamıza gətirdik. Təcrübəli futbolçumuzdu, daim oynayır. Amma buraxdığı müddət var ki, çempionatın startı ərəfəsində “Zirə”dən çıxarılan dövrdən “Neftçi”yə gəlişinə qədər məşq etməməsi istər-istəməz özünü göstərir. Getdikcə komandaya uyğunlaşması, formasını bərpa etməsi sevindiricidi. Derlis Meza Kolinin zədədən sonra gəlməsi və sair kimi amillər komandanın potensialının 30-40 faiz göstərdiyini deməyə əsas verir. Ümid edirəm ki, bu temp qısa zamanda yüksəlməlidi. Çünki zamanımız da qısadı, ilin sonuna 7 turumuz qalıb. Bu, elə də uzun müddət deyil. Burada hələ kubok oyunları da var. Düşünürəm ki, dediyim faiz qısa bir müddətdə yüksəlməlidi. 

- Rusiya futbol məktəbinin yetirməsi olan Emin Mahmudov “Neftçi”də özünü necə göstərə bilir və komandaya nə dərəcədə faydalı ola bilər?
-  Açığı, Emin çox mədəni, əxlaqlı, tərbiyəli uşaqdı. Biz azərbaycanlılara o qədər də oxşamır. Bəlkə də Rusiyada oynadığı klublarda başqa ab-havada böyüməsindən irəli gəlir. Mahmudovun ailə tərbiyəsi çox yüksək səviyyədədo. Bizdə çılğınlıq, aqressivlik var, ancaq onda heç biri. Buna görə mənin üçün Eminlı işləmək daha rahatdı. Ancaq onun uyğunlaşmasına vaxt lazımdı. Portuqaliyada bir neçə oyuna çıxıb, qol da vurub, sonra oynadılmayıb. Yaydan bəri məşqsiz qalmaq, indi Azərbaycana gəlmək, - o ab-bahanı beynindən ata bilmir və uyğunlaşması gec gedir. “Boavişta”da oyununu izləmişəm. Formaya düşməklə, məşqlərdə yüksək keyfiyyətləri ilə bizə xeyri dəyəcək. Mahmudovda oyun quruculuğu bacarığı daha yüksəkdi. Meydançanı görmə qabiliyyəti, zonanı bağlamaq keyfiyyətləri üstündü. Ancaq tam uyğunlaşması, fiziki durumu hələ ürəkaçan deyil. Ona görə də 90 dəqiqəni tam çatdıra bilməz və bu nöqteyi-nəzərdən onu ehtiyatda saxlayırıq.  

-  Bu komanda sizin komanda deyil, bu, reallıqdı. Siz ayrı “11-liyi”i görmək istəyirdiniz. Qış fasiləsində rəhbərlikdən neçə oyunçu istəyəcəksiniz?
-  Bir komandadan fasilədə birdən-birə 10-15 nəfər çıxarıb gətirmək ümumiyyətlə, faciəyə apara bilər. Sonra heç onu yığışdırmaq olmaz. Bildiyim qədər komanda bir neçə dəfə dəyişilib, 6 aydan bir neçə futbolçu dəvət olunub. Bunun "Neftçi"nin nəticəsinə böyük mənfi təsiri olub. Bəli, qış vaxtı 1-2 futbolçuya ehtiyacım var. 

- Hansı mövqeyə?
- Hücumameyyli, ön xəttinə futbolçular bizə daha çox lazımdı. Ümumilikdə hücum xətini gücləndirmək nöqteyi-nəzərdən qışda maksimum 1-2 futbolçu cəlb olunacaq. İnşallah, yayda daha çox futbolçuların gətirilməsi nəzərdə tutulub. Ola bilər ki, 1-2 legioner, 1-2 yerli futbolçu cəlb olunsun. Ona da baxılacaq ki, bizdə hansı mövqelər daha çox axsayır, altenativi yoxdu. Çalışacağıq ki, həmin mövqelərə yerlilər və legionerlər dəvət edək. Ancaq bu, çox futbolçunun getməyi və gəlməyi anlayışı deyil. Bildiyiniz kimi, qapı xəttində də böyük problemimiz var. Hazırda ən yaralı yerim məhz “çərçivə”di. Rəşad Əzizli “Qəbələ”ylə son yoxlama matçında zədə aldı və bu, ən həyəcan keçirdiyim an oldu ki, həkimlər müsbət rəy versinlər. Rəşadın zədəsi ciddi olsa, nə baş verəcəyini bəlkə siz qıraqdan fərqinə varmırsınız, ancaq mən daha yaxşı başa düşürəm ki, bunun komandaya nə qədər böyük təsiri ola bilər. Buna görə çalışırıq ki, qısa vaxtda qapıçı məsələsini həll edək. 

 

"Nə Stanislav Namaşkoyla danışmışam, nə də Aqil Məmmədovla"

- Yeri gəlmişkən, AZAL-da işlədiyiniz qapıçılardan “Neftçi”yə gətirmək istədiyinizin olmaısyla bağlı xəbərlər dolaşır. Götürək, elə moldovalı Stanislav Namaşkonu...
- Heç kimlə danışmamışam - nə Namaşko, nə də digəri. Sadəcə, bir neçə qapıçıya baxmışam. Ancaq hələ ki məsələ dayanıb. Həkimlərin müalicə olunan əsas qapıçımız Səlahət Ağayevlə bağlı verəcəyi qərarı gözləyirk. Ola bilər ki, Səlahət oktyabrın sonunda oynamağa başlasın. Bu nöqteyi-nzəərdən hələ ki bu məsələyə səbrlə yanaşıram. Mətbuatda gedib ki, Namaşkonu, Aqil Məmmədovu gətirmək istəyirəm. Ancaq hələ ki söhbət yoxdu. Nə Azərbaycanda, nə də ondan kənarda kimləsə danışmışam. Fikrimi komandanın çempiona oyuna yönətlmişəm. Komandaya kimləri cəlb etmək məsələsi noyabrın axırında bəlli olacaq. Onda məşqçilər korpusu, rəhbərliklə oturub söhbət edəcəyik. Səlahətlə mütəmadi danışıram. Onun qayıdışı tez olsa, yeni qapıçı məsələsi qapanacaq. İndiki vəziyyətdə üçüncü qapıçıya ehtiyacım var. Çünki Səlahətin zədəsi varsa, o, hər an baş qaldıra bilər. Rəşad da təkdi. Ona görə üçüncü qapıçıya ehtiyac duyuram. Rəqabət olmalıdı. Allah eləməsin, birində problem olsa, çıxış yolumuz normal olsun. Qapıçı mövqeyində heç bir komandanın, o cümlədən bizim problemimiz olmamalıdı.

- Onsuz da qapıçıyla bağlı probleminiz olduğu halda, Maksim Vaylonun yoxlama oyununda olsa belə qırmızı vərəqə almasını necə qarşıladınız?
-  Problemdən istər-istəməz problem əmələ gəlir. Səlahətin yolxuğu, Rəşada rəqabət göstərəcək ikinci komandanın olmamağı mənə əlavə çətinlik yaradır. Vaylo bu komandadı, ancaq onun qapıda durmaq ehtimalı bəlkə də sıfıra bərabərdi. Çünki işdə ciddiliyi, oyun nizam-intizamını daha çox sevirəm. Bu, həddən artıq maksimum olmalıdı. Hər bri futbolçu mövqeyindən asılı olmayaraq meydana məsuliyyətsiz çıxırsa, fikirləşirsə ki, bunu edəcəm, olmayacaq. Vaylo başqa hərəkət etsəydi, daha məqsədəuyğun sayardım, nəinki qırmızı vərəqə almağını. Bu gün qapı mövqeyinə görə çox həyəcanlıyam. Bəlkə həyatımda ilk dəfədir belə bir həyəcan içimdə oluram ki, Allah eləməsin Rəşad sabah ciddi zədələnsə, nə addım atacağımız mənim üçün sual altındadı.

 

"Gənc, böyük təcrübəsi olmayan futbolçulara o qədər pulun verilməsinin özü futbolumuzun faciəsidi"


- Bir az kənara çıxsaq da, “Neftçi”yə bağlı məsələdi. Azərbaycanda mövcud olan legioner limiti faktiki olaraq 7 klubu şikəst edib. Etiraf edin ki, bəli, bu gün sizdə yetərincə azərbaycanlı futbolçu var. Ancaq onu da etiraf edirsiniz ki, əlinizin altında siz istədiyiniz yerli futbolçu yoxdur və bu limit məsələsi sizə hardasa əziyyət var. Birincisi, potensiallı futbolçular azdı. İkincisi də hamısı “Qarabağ”a qaçıb, ehtiyatda oturmağa da razıdırlar, təki orda olsunlar. Sizcə, bu limit məsələsinə baxılmalı deyil ki, qoy, azərbaycanlılar da əcnəbilərlə mübarizədə əziyyət, rəqabət görsünlər?
-  Bəli, bu gün deyirlər ki, “Neftçi”də yerli futbolçular var. Ancaq sizin sözünüzlə razıyam ki, o potensialı oyunçu azdı. Son yoxlama oyununa iki 19, bir 17 yaşlı futbolç dəvət etmişdim. Sonda onların üçünü də meydana buraxdım ki, əsas komandada ab-havanı hiss etsinlər. Bu həyəcanı onlara aşılamaq istədim. Limitin olması daha yaxşıdır ki, yerli futbolçuların oynamaq şansı çoxalır. Bizə desələr ki, legioner limiti “8+3” oldu, hamımız əcnəbiyə üstünlük verəcəyik. Yerlilərə ümumiyyətlə, baxan olmayacaq. Rəqabət olmayacaq, olsa da hamı legionerlərə üstünlük verəcək. Bu, tamam başqa məsələlərdi. Gənc, böyük təcrübəsi olmayan futbolçulara o qədər pulun verilməsi özü futbolumuzun faciəsidi. Necə futbolçuya dəyər veririksə, milyonlar tökürüksə, həyat tərzimi də budu. Legioner limitini götürməklə heç kim böyük işlərə nail olmayıb. Əsas məsələ odur ki, gənc futbolçuya, 24-25 yaşında, hələ özün tam dərk eləmədiyi, futbolu tam istəklə oynamadığı bir vaxtda 200-300 min manat verməklə əlbəttə, yerli oyunçuları itirəcəyik. Bunun bir limiti olmalıdı. 21 yaşadək futbolçya 200 min nəzərdə tutulubsa, gələn mövsüm üçün artımı olmursa, ona verilmir. Bu zaman daha çox can atacaq ki, o pulu alsın. Məsələn, 100 min verilir, 100 min də klubun hesabına qoyulur. Və deyirlər ki, biz sənə bir şərtlə o pulu verəcəyik ki, daha da artırmalısan, əsas heyətdə daha da inkişaf etməlisən. Əlbəttə, futbolçularımıza külli miqdarda pulu verəndə deyəcəyik ki, bir dənə Mahir Mədətovumuz yetişib, qalanları yoxdu. Tərlan Əhmədovdan sonra millidə mərkəz müdafiəçisi kimi Rəşad Sadıqov vardısa, o da getdi. Rəşaddan sonra həmin mövqeyə oyunçu yoxdu. Hamımız baş sındırırıq ki, bu mövqeyə kimi gətirək. Hücum xəttində azərbaycanlı futbolçu kim var?

- Yalnız Ramil Şeydayevin adını çəkə bilərik...
-  O da Azərbaycanda yetişən futbolçu deyil, Rusiyadan gətirmişik. Ruslan Qurbanov da bizim yetirmə deyil. Yoxdur Azərbaycanda yetişən nə hücumçu, nə də mərkəz müdafiəçisi. Sol ayaqlı müdafiəçi kim var? Hazırda yalnız Təmkin Xəlilzadə, başqası varmı? Yox. Uşaq futbolunda hansı oyunuçunu yetişdirmişik ki, deyək, limiti götürək. Bu olsa, Azərbaycanda, ümumiyyətlə, uşaq futbolunu bağlamaq lazımdı. 

- Sizə elə gəlmir ki, Rəşad Sadıqovun geidşindən sonra Bədavi Hüseynovla millidə müdafiənin mərkəzində oynamağa ən optimal variant elə kapitanınız Ruslan Abışovdu? Üstəlik, onu artıq bu mövqedə oynadırsınız...
- Mən heç bir məşqçinin işinı qarışmamışam, qarışmaram da. Cavabdeh şəxs Robert Prosineçkidi, özü fikirləşir, öz taktikasını qurur. Mənim gedib deməyim ki, Rəşadın yerinə bunu oynat, düzgün çıxmaz. Bizim millinin baş məşqçisinin işinə qarışmağımız düzgün deyil. 

- Hər halda, Abışov mərkəz müdafiəçisi kimi yaxşı təsir bağışlayır...
- Tam haqqım var deməyə ki, mənim futbolçumdu, son oyunlar da göstərir ki, Ruslan oyundan-oyuna inkişaf edir. Amma hər halda, milinin baş məşqçisi daha yaxşı bilər. "Mətbəx"in içini Prosineçki bizdən daha yaxşı bilir. 


Digər xəbərlər