MADRİD ZƏFƏRİNİN PƏRDƏARXASI - FOTOLAR

  Bölmə: Ölkə futbolu | 3306 | 00:21 04-11-2017
MADRİD ZƏFƏRİNİN PƏRDƏARXASI  - FOTOLAR

Hər şey demək olar ki, "Səbail" qələbəsindən başladı. Madrid səfəri öncəsi "Qarabağ" ın psixoloji üstünlüyünə ehtiyacı var idi ki, bunu da ölkə çempionatında "Səbail" üzərində qələbə qazanıb liderliyini daha da möhkəmlətdi. Özü də 50 dəqiqə 10 nəfərlə mübarizə aparmaqla. Artıq bəlli idi ki, "Qarabağ" fiziki hazırlıq baxımından tam formadadır. Çünki “Atletiko” ilə də ev oyununda azlıqda qalmasına baxmayaraq oyunu yüksək əzmkarlıq tempində başa çatdıraraq rəqibinə boyun əyməmişdi. Nə isə. Keçək əsas mətləbə.

“QARABAĞ” SON İLLƏRDƏ AVROPAYA MEYDAN OXUYAN MADRİDİ FƏTH ETMƏYƏ YOLA DÜŞÜR

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Avropanın diqqətini özünə cəlb etmiş ÇL-in qrupunda nəhənglərlə mübarizə aparan komandanı yola salan azarkeşlərin sayı olduqca az idi. Düşünürdüm ki, bəlkə uğurlu nəticə ilə qayıdanda hava limanında izdiham olacaq. Amma bu dəfə də gözlənilən olmadı. Madriddə isə qürbətdə yaşayan həmyerlilərimiz Azərbaycan çempionunu Bakıdakından daha izdihamla, hörmətlə qarşıladılar. Qarabağ özü ilə 20-yə yaxın idman jurnalisti aparmışdı. Bundan əlavə çarter reysi ilə səfər təşkil edilələn təyyarədə bir neçə maraqlı insanları da görmək mümkün idi. Bunlardan Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, KVN-çi Bəhram Bağırzadə, "Qarabağ"ın keçmiş futbolçusu Aslan Kərimov, millinin keçmiş qapıçısı Cahangir Həsənzadə, Qurban Qurbanovun qardaşı Musa Qurbanov və "idmançı" ləqəbi ilə tanınan Kamil Zeynallı da var idi. Düzdür, təyyarədə Kamil Zeynallının telefonu ilə sosial şəbəkələrdə canlı yayın etdiyi zaman məlum xoşagəlməz hadisələrin baş verməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Hətta buna görə "Qarabağ" rəhbərliyini qınayanlar da oldu. Amma onu da qeyd etmək lazımdır ki, "Qarabağ" komandaya dəstək vermək istəyən azarkeşi imkan daxilində səfərə aparması o demək deyil ki, həmin azarkeşin etdiyi neqativ hallara şərikdir. Hamı öz şəxsi həyatında azaddır. Sadəcə, "Qarabağ" kimi səfərə aparırsa, həmin adam ən azından həm özünə hörmət etməli, həm də klub imicini nəzərə almalıdı. İnanıram ki, Kamil Zeynallı da belə hadisələrin yaşanmasını istəməyib. Hər bir insan emosiyalarının qurbanı ola bilər. Təyyarə ilə bağlı xatirələrimi də bölüşmək istəyirəm. Təyyarənin ön salonunda klub rəhbərliyi və baş məşqçi yer almışdısa, 2-ci salonda əsas heyətin futbolçuları əyləşmişdilər. Üçüncü salonda klubun 19 yaşlılardan ibarət komandası, ən sonda isə jurnalistlər yer almışdılar. Amma buna baxmayaraq Tahir Gözəl jurnalistlərin yanına gəlib onları salamladı və müsahibə verdi. Ümumiyyətlə, təyyarədə olduğumuz zaman Əmrah Çəlikəl, Qurban Qurbanov, Rəşad Sadıqov, Bəhram Bağırzadə və futbolçular tez-tez jurnalistlərə baş çəkib səmimi söhbətlər edirdi. Mən özüm də şahidi oldum ki, “Qarabağ”ın uğurlarının pərdə arxasında peşəkarlıq, mehribanlıq, sadəlik, səmimilik və ən başlıcası nizam-intizam durur. Bir maraqlı hadisəni qeyd etmək istəyirəm. “Xəzər” TV-nin əməkdaşı Sənan Abdullayev yastıq axtarışında idi. Bunu görən Rəşad Sadıqov dərhal ona yastıq tapıb gətirdi. Bax, ictimaiyyətlə belə ünsiyyət qurmağı bacaran komanda nəyə desən nail ola bilər.

MADRİDDƏ ƏN ÇOX EŞİTDİYİMİZ SÖZ...

Madriddə olduğumuz zaman günəşli, sakit hava hökm sürdü. Gəzmək üçün də əla fürsət oldu. Fürsətdən istifadə edərək “Real”ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"nu da ziyarət etdim. Olduqca maraqlı anlar yaşadım. Buna görə də "Qarabağ" camiyəsinə xüsusi təşəkkür edirəm. Yerli camaatla da tez-tez ünsiyyətdə olurdum. Düzdür, şəhərdə o qədər də oyun həyacanı yox idi. Bəlkə də azarkeşlər Bakıdakı heç-heçənin təsadüf olduğunu düşünüb “Atletiko”nun rahat qalib gələcəyini və “Qarabağ”ın sıradan bir təsadüfi klub olduğunu fikirləşirdilər. "Qarabağ" isə Avropaya  yenə sübut etdi ki, ÇL-nin qrup mərhələsinə təsadüfən düşməyib. Yəqin bundan sonra “Qarabağ” bir də İspaniya paytaxtına səfər etməli olsa, madridlilər ağdamlılara Avropa nəhənglərinə edilən diqqəti göstərəcklər. Bir də yerli əhali və jurnalistlər arasında “Atletiko”nun yeni stadionuna köçməsi tez-tez müzakirə edilirdi. Sanki insanlar məyus olmuşdular. Axı onlar əvvəlki "Visente Kalderon"dakı hissləri yaşaya bilmirdilər. Bunu Qabi də mətbuat konfransında dilə gətirdi və Simone də başı ilə bunu təsdiqlədi. Bəlkə də “Qarabağ” bu amildən də bir az yararlandı. Amma onu da qeyd edək ki, eyni halı “Qarabağ” da BOS-da yaşayıb. Madrid dünya futbolunun məkanlarından sayılsa da, burada İstanbul, Milan, London kimi bir şəhərin iki klubunun azarkeşləri arasında aqressiya hiss olunmur. Sanki “Real” və “Atletiko” azarkeşləri yaxından dostluq edirlər. Bəlkə də elə əsl futbol mədəniyyəti budur. Nəyə görə bir şəhərin sakinləri bir-birinə düşmən olmalıdır? Məsələn, “Fənərbaxça”nın ev oyunlarını keçirdiyi İstanbulun Kadıköy tərəfində çox nadir halda "Qalatasaray" və ya "Beşiktaş" forması ilə kimisə görərsən. Amma Madriddə biri “Real” biri isə “Atletiko” formasında gəzən adamları görə bilərsən. Bir də ispanlar digər avropalılarla müqayisədə çox istiqanlıdılar. Nə soruşsan canla-başla cavab verirdilər. Düzdür çoxu ingilis dilində o qədər də danışa bilmirlər. Amma bizimlə oxşar cəhətlərindən biri də odur ki, hər yerdə adama öz dillərində salam verirlər. Elə ən çox eşitdiyimiz "hola"(salam) kəlməsi idi. Bir sözlə Atlantik okeanın sahilində Madridin mərkəzində jurnalistlər üçün ayrılmış hər cürə şəraitə malik oteldə özümüzü çox yaxşı hiss edirdik. Təşkilatçılıq yüksək səviyyədə idi. Bu arada “Qarabağ” tərəfindən jurnalistlər üçün ayrılmış bələdçi Yusif Hüseynova bizə qarşı göstərdiyi xidmətlərə görə dərin minnətdarlığımı bildirirəm.

"VANDA METROPOLİTANO"NUN ƏTRAFINDA BAKIDAKI QƏDƏR HƏYACAN YOX İDİ

Oyunun başlamasına 1 saat qalsa da, stadion demək olar ki boş idi. Amma insanlar stadionun ətrafında yeyib-içib, gəzişirdilər. Yollarda tıxac yox idi. Azarkeşlər çox rahat şəkildə stadiona gələ bilirdilər. Stadion şəhər mərkəzindən kənarda olsa da, metro stansiyasının olması azarkeşlərin işini asanlaşdırırdı. Stadionun ətrafında "Qarabağ" azarkeşlərini görmək də mümkün idi. Bizə qarşı heç bir təzyiq də yox idi. “Qarabağ” hesabı açanda 20-ə yaxın azərbaycanlı jurnalist media sektorunda çılğın şəkildə hay-küy edərək sevinməyə başladılar. Qol epizodların da da özümüzü saxlaya bilmirdik. Hər yanımızı əhatə edən ispanlar çox sakitcə bizə reaksiya verirdilər. Stadiondakı azsaylı “Qarabağ” azarkeşləri də boş dayanmırdılar. Miçel hesabı açdıqdan sonra da azarkeşlərə tərəf qaçıb sevincini onlarla bölüşdü. Pedro qırmızı vərəqə aldıqdan sonra da biz inanırdıq ki, Madriddən xal ilə qayıdacıq. Çünkü yazının əvvəlində da qeyd etdiyim kimi “Qarabağ” artıq azlıqda da mübarizə aparmağı bacarır. Oyun sona yaxınlaşdıqca, Simone tez-tez azarkeşlərindən dəstək istəyirdi. Həmkarından fərqli olaraq, Qurban Qurbanov yenə ənənəvi soyuqqanlığından əl çəkmirdi. Heç azarkeşləri əl hərəkəti ilə ayağa qaldırdığını görməmişəm. Bəlkə də içindən keçir, ama təcrübəli məşqçi həmişə özünə və futbolçularına güvənməyin vacib olduğunu düşünür.

Beləliklə, Qarabağ son illərdə Avropaya meydan oxuyan Madridi fəth etməklə yeni tarix yazdı.

Sonda isə bir daha səfərin təşkil olunmasında göstərdikəri dəstəyə görə "Qarabağ" futbol klubun rəhbərliyinə rəhbəri olduğum Olimpsport.az saytı və baş metodisdi olduğum Tovuz Gənclər Evinin rəhbərliyi və kollektivi adından təşəkkür edirəm!

Ramin Təyyaroğlu, Bakı-Madrid - Bakı

 


Digər xəbərlər