Novruz Əzimov: "Valeh Seyidovu yığmaya təklif etmişəm"

  Bölmə: Ölkə futbolu | 3655 | 12:14 17-11-2017
Novruz Əzimov: "Valeh Seyidovu yığmaya təklif etmişəm"

U-21 millimizdən ayrılan baş məşqçi Samir Ələkbərovun sözləri gündəmi zəbt edib. O, Verdiyi növbəti müsahibədə tapşırılan futbolçunun adını və onu tapşıran şəxslərin adlarını açıqlayıb.

Belə ki, o, "Bakı"nın icraçı direktoru Yaşar Seyidovun Portuqaliyanın III divizionunda oynayan oğlu Valeh Seyidovun İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimov tərəfindən yığmaya təklif olunduğunu bildirib.

Müsahibənin həmin hissələrini təqdim edirik: "Məsələ burasındadır ki, ad çəkməsəm, şübhələr bu işə qol qoymayan insanların da üzərinə yönələ bilər. Üstəlik, kənardan belə görünə bilər ki, Samir Ələkbərov bu sözləri özündən uydurub. Məhz buna görə də baş katibə də adları açıqladım, sizə də deyirəm. Özü də adamı yandıran odur ki, özümə yaxın bildiyim futbol adamları bu işə qol qoymuşdular. Söhbət İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovdan gedir... Valeh Seyidov adlı (Portuqaliyanın III liqasında çıxış edən “Loletanu”nun hücumçusu) 21 yaşlı futbolçu var. U-20 yığmasının toplanışlarından birinə onu dəvət etmişdim və səviyyəsinə bələd idim. İsrarla Valehi heç olmasa baxışa dəvət etməyimi istəyirdilər. Lakin rəsmi oyuna kimisə baxışa dəvət etməzlər. Mən də bu təkidlərə baxmayaraq elə səviyyədə futbolçuları cəlb etməyəcəyimi bildirdim. O bizə kömək edə biləcək oyunçu deyil. Hətta ümumi tanışlar vasitəsilə də Seyidovun heyətə cəlb edilməsi üçün səy göstərdilər. Nəyə görə məhz bu futbolçunu (!?!?!?) yığmaya gətizdirmək istədikləri mənim üçün qaranlıq qalırdı. Eyni adamla bağlı müxtəlif insanların inadkarlıq göstərməsi istər-istəməz məni çox əsəbiləşdirirdi. Özü də Seyidovu məndən əvvəl işləyən məşqçilər də tanısalar da, yığmaya cəlb etməyiblər. Yəni burda mənim hansısa kaprizimdən söhbət getmir. 

Futbol sahəsində çalışmayan, bu idman növünü dərindən bilməyən müxtəlif insanlar da öz fikirlərini bildirir, kimlərisə tövsiyə edirdilər, hansısa valideynlər də nömrəmi tapıb övladlarını məsləhət görürdülər. Ancaq sırf futbol adamlarına gəlincə, adlarını çəkdiyim hər 3 nəfər eyni – Valeh Seyidovu nişan verirdilər. Ancaq mən onların sözünə qulaq asmadım, öz seçimimi etdim".

"Bakı"nın sabiq baş məşqçisi, hazırda "Neftçi"də Tərlan Əhmədovun köməkçisi olan Novruz Əzimov saytımıza açıqlamasında bunu təkzib etməyib: "Bəli, Valeh Seyidovu yığmaya təklif etmişəm. Burda nə var ki?! Mən deməmişəm ki, mütləq onu yığmaya götürməlisən. Hökm eləməmişəm. Özü bilər, götürər, ya götürməz. Onda millidə hücumçu da yox idi, dedim götürsün, kömək olsun. Amma israr etməmişəm. Samir belə deyirsə, qoy desin. Deyib, yaxşı edib". (prosport.az)


Digər xəbərlər