Natiq Bağırov: "Bütün çəki dərəcələrində bir neçə güclü qadın cüdoçu olmalıdır" - MÜSAHİBƏ

  Bölmə: Cüdo | 3179 | 00:09 28-12-2017
Natiq Bağırov: "Bütün çəki dərəcələrində bir neçə güclü qadın cüdoçu olmalıdır" - MÜSAHİBƏ

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Natiq Bağırovun müsahibəsi

 

- Yığmanın hazırkı heyətini necə dəyərləndirirsiniz?

- Təəssüf ki, hazırda optimal heyət yoxdur. Lakin əlimizdə olan heyətlə maksimuma nail olmağa çalışacağıq. Məşqçilərimizlə birgə Respublika çempionatında medalçılar arasından ən güclüləri seçib, komandaya cəlb etməyi düşünürük. Qarşıda təlim-məşq toplanışlarımız, yarışlar olacaq. Hazırda qızlar arasında 1-2 Avropa səviyyəli cüdoçu var. Başqa çəkilərdə də idmançı yetişdirməliyik. Hazırda bu məsələ açıqdır. İndiki durumda Azərbaycan yığmasında çıxış etmək istəyən əcnəbi namizədləri də nəzərdən keçirəcəyik. Onların səviyyəsi yüksək olarsa, ölkəmizdə rəqabət mühiti yaratmış olacaqlar. Kişilərdən ibarət yığmada 73 kq və 100 kq çəki dərəcələrində rəqabət var. Biz də istərdik ki, qadınlar arasında da bütün 7 çəkidə rəqabət olsun.

- Heyəti gücləndirmək üçün hansı variantlar var?

- Vaxtımız azdır, danışıqlar aparmalıyıq. Təəssüf ki, 2018-ci il dünya çempionatına 9 ay qalıb. Bu müddət ərzində Azərbaycanı yüksək səviyyədə təmsil edəcək idmançılar tapmalıyıq. Ölkə başçısı və federasiya rəhbərləri idmanın inkişafı, daim yüksək səviyyədə olması üçün çox güc və vəsait sərf edirlər. Biz də bunun qarşılığını verməliyik.

 

- Azərbaycanın bütün çəki dərəcələrində təmsil olunması daha önəmlidir, yoxsa bəzi çəkilərdə, amma səviyyəli cüdoçularla?

- Məqsədimiz bütün çəki dərəcələrində bir neçə güclü cüdoçumuzun olmasıdır. Bu cür də olmalıdır. Məsələn, Yaponiyada hər çəkidə ən azı 10 dünya səviyyəli idmançı yer alır. Ona görə də çoxlu sayda medallar qazanırlar. Biz də bunun üçün çalışmalıyıq. Olmayan məqamda önəmli yarışlara ən güclüləri aparmalıyıq. Nisbətən zəif olan cüdoçuları isə aşağı səviyyəli turnirlərə aparmalıyıq ki, tədricən inkişaf etsinlər, təcrübə toplasınlar və gələcəkdə aparıcı simalara çevrilsinlər.

- Növbəti təlim-məşq toplanışınız nə vaxt olacaq?

- Yanvarın 3-də bir araya gələcəyik. İlkin hazırlıq prosesi Bakıda olacaq. İl ərzində isə təqvimə uyğun olaraq, yarışlar üçün gedəcəyimiz ölkələrdə təlim-məşq toplanışlarımız baş tutacaq. Yığmanı ən yaxşı formada hazırlamaq üçün hər cür şərait var və biz də əlimizdən gələni edəcəyik.(report)


Digər xəbərlər