Qurban Qurbanov: "O, tələblərimizə uyğun olmadı"

  Bölmə: Ölkə futbolu | 489 | 23:14 10-02-2018
Qurban Qurbanov: "O, tələblərimizə uyğun olmadı"
"Hər iki komanda maraqlı oyun sərgilədi. Komandamdan razı qadım. "Qəbələ”yə isə gələn oyunlarda uğurlar arzulayıram. Bu oyunda sadəcə, qol çatışmadı. Oyunçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq".
 
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
 
- Ramil Şeydayev yenə ehtiyatda qaldı. Bu oyunçuda nə çatışmır?
- Futbol elədi kir, ola bilsin, bir oyunçu bütün mövsümdə şans qazansın. Ramil öz üzərində çox çalışan oyunçudur. Bizim futbolçulardan öz tələblərimiz var. Bu gün oyunun gedişatı bunu tələb etdi. Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi oyunçular da var ki, onlara vaxt lazımdır. Təəssüf ki, hələ onda alınmır. Şeydayevə inamım böyükdür. Əsas odur ki, onda istək var.
 
- Oyundan sonra azarkeşlərlə nə danışdınız?
- Azarkeşlərimizə həmişə rəğbətlə qarşılamışam. 20-25 yaşlı gənclər "Qurban, Qurban" deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə "sağ ol" deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.
 
- Qışda komandaya transfer etmədiz. Bu, çempionluğa oynayan komanda üçün problem olmayacaq?
- Heyətimiz elə də kasad deyil. Qara Qarayev, Miçel, Əfran İsmayılov zədəli idi. Onlar tam sağalandan sonra daha yaxşı olacaq. Qarşıda cəmi 14 oyunumuz var. Avroliqa, Çempionlar Liqasında mübarizə apardığımız zaman oyunçuya daha çox ehtiyacımız var idi. Düzdür, 2 transfer etmək istəyirdik. Lakin təəssüf ki, alınmadı.
 
- Bu gün meydanda millinin də üzvləri var idi. Onların oyununu necə dəyərləndirirsiniz?
- Hazırlıq müddəti yeni bitib. Bunu nəzərə alsaq, milli üzvlərinin oyununu müsbət dəyərləndirərdim. Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm.
 
- Bu oyuna millinin baş məşqçisi kimi də baxa bildiniz?
- Xeyr.
 
- Köməkçilərinizdən olan Namiq Yusifovun komandadan göndərilməsinin səbəbi nədir?
- Bundan öncə də məşqçilər işdən çıxarılıb. Kimi tələblərimizə uyğun olmayıb, kimi isə başqa fikirdə olub. Namiq tələblərimizə uyğun olmadı. Bizim iş prinspilərimizdə bəzən bir məşqçi 3 saat yox, laızm olduqda 8 saat da işləməlidir. Buna görə, onunla yollarımızı ayırdıq. Bu, elə işdir ki, bu gün burdayıq, sabah olmaya bilərik.
 
- "Qarabağ”ın aşağı yaş qruplarında çalışa bilər?
- Bildiyim qədərilə onun C kateqoriyası var. İşləmək üçün təhsil almaq lazımdır. Futbolçu olan hər bir insan məşqçi işləyə bilməz. Ola bilsin, gələcəkdə təhsil alar, oxuyar, ondan sonra bu barədə danışa bilərik.
 
- Yaroslav Deda Antalyaya əsas komanda ilə yollanmışdı. Onun əsas komandaya keçməsi ehtimalı var? 
- Təəssüf ki, 3 gündən sonra zədələndi. Gələcəkdə özünü yaxşı tərəfdən göstərsə, komandaya götürülə bilər. Ümumiyyətlə, hər bir gənc futbolçu nəzarətimizdədir. 
 
- Nicat Süleymanov necə, əsas komandada möhkəmlənə bilər?
- Onun əzmkarlığı, çox çalışması xoşuma gəlir. Öz üzərində çalışsa, gələcəkdə əsas komandada çıxış edə bilər. Yaxşı mübarizə aparır, çalışır. Təkcə o, yox, 4-5 gənc futbolçu var ki, onların inkişafına da vaxt ayırırıq.

Digər xəbərlər