"Keşlə" "Səbail"i, "Neftçi" "Kəpəz"i qəbul edir

  Bölmə: Ölkə futbolu | 150 | 10:40 11-02-2018
"Keşlə" "Səbail"i, "Neftçi" "Kəpəz"i qəbul edir
Topaz Premyer Liqasında XV turun son 2 görüşü keçiriləcək. Bu dəfə turnir cədvəlinin son 4 pilləsində qərarlaşmış komandalar meydana çıxacaqlar. 
 
İlk görüş qış fasiləsində böyük dəyişikliklərə əl atan "Keşlə” ilə debütant "Səbail” arasında olacaq. Meydan sahibləri yeni baş məşqçiləri Yuri Maksimovun rəhbərliyi altında ilk rəsmi oyunlarına çıxacaqlar. Qış fasiləsində Kamran Ağayev, Məqsəd İsayev, Vaqif Cavadov, Pablo Podio Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon və Sezar Meza Kollini heyətə cəlb edən keşləlilər yetərincə gücləniblər. Bu transferlər daha çox Azərbaycan Kubokunda uğur qazanmağa hesablansa da, çempionat da arxa plana keçməyib. Çünki "Keşlə” son sıradakı "Kəpəz”i 1 xal qabaqladığı halda, 6-cı sıradakı "Səbail”dən 5 xal geridir.
 
Bu komandaların indiyədək baş tutan görüşlərində eyni nəticə qeydə alınıb. Hər iki matçda meydan sahibi olan tərəf minimal 1:0 hesabı ilə qalib gəlib.
 
Turun son oyununda qış fasiləsində keçirdikləri yoxlama matçlarında 1:8 hesabı ilə uduzmaqla diqqət mərkəzinə düşən "Neftçi” və "Kəpəz” üz-üzə gələcəklər. 90-cı illərdə titul uğrunda bir-birlərinə rəqib olan kollektivlər indi hədəflərindən uzaq düşsələr də, vəziyyətlərini yaxşılaşdırmağa can atırlar. Hazırda 16 xalla 5-ci pillədə yer alan bakılıların məqsədi avrokuboka düşməkdirsə, gəncəlilər "zirzəmi”dən qurtulmaq istəyirlər. 
 
"Bakcell Arena”da baş tutacaq görüş bu kollektivlərin ölkə çempionatında yubiley – 50-ci oyunun olacaq. Əvvəlki duellərin 22-dən "Neftçi”, 18-dən "Kəpəz” qalib gəlib. "Ağ-qaralar” son 2 görüşdə qol buraxmayıblar. "Sarı-göylər” isə son 3 səfərdə də rəqib qapısına yol tapa bilməyiblər. Bakılılar cari mövsümdə evdə rəqibin müqavimətini qıra bilmədiyi halda (0:0), səfərdə 3 xala seviniblər (1:0). 
 
Topaz Premyer Liqası, XV tur
11 fevral (bazar)
 
15:00. "Keşlə” – "Səbail”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
"İnter Arena”
 
17:30. "Neftçi” – "Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"Bakcell Arena”
 
Qeyd edək ki, turun ilk oyun günündə "Zirə" "Sumqayıt"la 1:1, "Qarabağ" isə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib. 

Digər xəbərlər