Turun yeganə qələbəsini "Neftçi" qazandı

  Bölmə: Ölkə futbolu | 272 | 22:00 11-02-2018
Turun yeganə qələbəsini "Neftçi" qazandı
Bu gün Topaz Premyer Liqasında XV turun son 2 görüşü keçirilib. Bu dəfə turnir cədvəlinin son 4 pilləsində qərarlaşmış komandalar meydana çıxıblar.
 
İlk görüş qış fasiləsində böyük dəyişikliklərə əl atan "Keşlə” ilə debütant "Səbail” arasında olub. Meydan sahibləri yeni baş məşqçiləri Yuri Maksimovun rəhbərliyi altında ilk rəsmi oyunlarına çıxıb. Qış fasiləsində Kamran Ağayev, Məqsəd İsayev, Vaqif Cavadov, Pablo Podio Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon və Sezar Meza Kollini heyətə cəlb edən keşləlilər yetərincə güclənsələr də, qələbəyə nail ola bilməyiblər. Əksinə, hesabı "Səbail" açıb. 34-cü dəqiqədə Fəhmin Muradbəyli fərqlənib. "Keşlə" bərabərlik qolunu ikinci hissədə vurub. Penaltini dəqiq yerinə yetirə bilməyən Pərdis Fərcad-Azad az sonra bərabərlik qolunu vurub. Bunadək iki komanda arasındakı görüşlərdə eyni nəticə qeydə alınmışdı. Hər iki matçda meydan sahibi olan tərəf minimal 1:0 hesabı ilə qalib gəlmişdi.
 
Turun son oyununda qış fasiləsində keçirdikləri yoxlama matçlarında 1:8 hesabı ilə uduzmaqla diqqət mərkəzinə düşən "Neftçi” və "Kəpəz” komandaları üz-üzə gəliblər. Ötən əsrin 90-cı illərində titul uğrunda bir-birlərinə rəqib olan kollektivlər indi hədəflərindən uzaq düşsələr də, vəziyyətlərini yaxşılaşdırmağa can atırlar. Bu görüşdə cəmi bir qol vurulub. 86-cı dəqiqədə Mirabdulla Abbasov fərqlənərək, "Neftçi"yə qələbə qazandırıb. 
 
 
 
Topaz Premyer Liqası, XV tur
11 fevral (bazar)
 
15:00. "Keşlə” – "Səbail” 1:1 
Qol: Perdis Fərcad-Azad, 54  Fəhmin Muradbəyli, 34
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
"İnter Arena”
 
17:30. "Neftçi” – "Kəpəz” - 1:0
Qol: Mrabdulla Abbasov, 86
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"Bakcell Arena”
 
Qeyd edək ki, turun ilk oyun günündə "Zirə" "Sumqayıt"la 1:1, "Qarabağ" isə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib. 

Digər xəbərlər