"Böyük Dəbilqə"yə uğursuz start

  Bölmə: Olimpiya Növləri | 400 | 23:39 23-02-2018
"Böyük Dəbilqə"yə uğursuz start
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük Dəbilqə” turniri start götürüb.
 
 3 gün davam edəcək yarışın ilk günündə qadınlar 3, kişilər 2 çəki dərəcəsində çıxış ediblər. Qadınların yarışında Azərbaycanı yalnız Aişə Qurbanlı təmsil edib. 1/16 final mərhələsindən mübarizəyə başlayan 48 kq çəkili cüdoçu ilk görüşündə ispaniyalı Culiya Figeroaya uduzaraq, mübarizəni dayandırıb. 52 kq və 57 kq çəkilərdə azərbaycanlı xanım cüdoçu olmayıb. 
 
Kişilərdən isə 60 kq çəkidə Vüqar Şirinli yarışıb. Mübarizəyə 1/16 finaldan qoşulacaq Şirinli ilk iki görüşündə almaniyalı Morits Plafki ilə özbəkistanlı Diyorbek Urozboyevi yenib. Lakin 1/4 finalda yaponiyalı Ryuyu Naqayamaya yenilən azərbaycanlı cüdoçu təsəlliverici görüşdə braziliyalı Erik Takabatake ilə qarşılaşmadan da məğlub ayrılıb. Nəticədə o, 7-ci yerlə kifayətlənib. 
 
Yeni - 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərovun ilk qarşılaşması 1/32 finala təsadüf edib. O, ardıcıl olaraq, filippinli Şugen Nakano və italiyalı Mateo Medvesi yensə də, 1/8 finalda ukraynalı Georgi Zantarayaya yenilib və mübarizəni dayandırıb.
 
Azərbaycanın bu çəkidəki digər təmsilçisi Nicat Şıxəlizadə isə 1/16 final mərhələsindən mübarizəyə qoşulub. O, elə ilk görüşdəcə ukraynalı Boqdan Yadova uduzaraq, yarışla vidalaşıb.  
 
Fevralın 24-də qadınlar 63 kq və 70 kq, kişilər 73 kq və 81 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Ertəsi gün isə qadınlar 78 kq və +78 kq, kişilər isə 90 kq, 100 kq və + 100 kq çəki dərəcələrində yarışacaqlar.
 
Qeyd edək ki, Azərbaycan yarışda 12 cüdoçu ilə təmsil olunur. Kişilərdən Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərovdan (hər ikisi 66 kq) əlavə, Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), qadınlardan isə Aişə Qurbanlı (48) ilə yanaşı, İrina Kindzerska (+78 kq) mübarizə aparacaq.
 
Qadınlar
 
48 kq
1/16 final. Aişə Qurbanlı (Azərbaycan) - Culiya Figurea (İspaniya)
 
Kişilər
 
60 kq
Təsəlliverici görüş. Vüqar Şirinli - Erik Takabatake (Braziliya)
1/4 final. Vüqar Şirinli - Ryuyu Naqayama (Yaponiya)
1/8 final. Vüqar Şirinli - Diyorbek Urozboyev (Özbəkistan)
1/16 final. Vüqar Şirinli (Azərbaycan) – Morits Plafki (Almaniya)
 
66 kq 
1/16 final. Nicat Şıxəlizadə (Azərbaycan) - Boqdan Yadov (Ukrayna) 
 
1/8 final. Orxan Səfərov - Georgi Zantaraya (Ukrayna)
1/16 final. Orxan Səfərov Mateo Medves (İtaliya)
1/32 final. Orxan Səfərov (Azərbaycan) - Şugen Nakano (Azərbaycan)

Digər xəbərlər