"Böyük Dəbilqə"də ilk medal

  Bölmə: Olimpiya Növləri | 203 | 01:00 25-02-2018
"Böyük Dəbilqə"də ilk medal
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərindəki "Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb. 
 
73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib. Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa çatıb. Orucov qızıl xalla qalib gəlib. O, yarımfinalda almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu görüşün də taleyi əlavə hissədə həll olunub. Azərbaycan cüdoçusu rəqibinə ipponla qalib gələrək, finala yüksəlib.
 
Həlledici görüşdə isə təcrübəli cüdoçu yaponiyalı olimpiya və 4 qat dünya çempionu Şohey Ono ilə qarşılaşıb. Görüş 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında olduğu kimi, Ononun qələbəsi ilə yekunlaşıb. Beləliklə, titullu cüdoçu Düsseldorfda ilk görüşdə yendiyi Hidayət Heydərovdan sonra daha bir azərbaycanlı cüdoçuya qalib gələrək, qızıl medal qazanıb. Mükafatları Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim edib.
 
81 kq-da yer alan Fəqan Quluzadə də elə ilk görüşdə polşalı Damian Şvarnoveçkiyə uduzaraq, mübarizəni dayandırıb. 
 
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçuları medalsız qalıblar.

Digər xəbərlər