Qurban Qurbanov: "Bu komanda öz oyununu tapıb"

  Bölmə: Ölkə futbolu | 620 | 22:05 10-03-2018
Qurban Qurbanov: "Bu komanda öz oyununu tapıb"
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Zirə"ni 2:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 
 
46 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Vacib 3 xal qazandıq. Bilirdik ki, "Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm.
 
- Həmişə Ramil Şeydayevə az şans verdiyiniz deyilirdi. Bu gün onun oyunundan razı qaldınız?
- Bəli, razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu oyunda çox çalışdı. Çox istəkli idi.
 
- Ancaq Şeydayev sanki qol duyumunu itirib...
- Bu, normal haldır. Həmin epizodları əldə etmək əsasdır. Əsas odu ki, qol fürsəti əldə edə bilirdi. Hücumçu üçün əsas xüsusiyyət budur. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək.
 
- Növbəti oyunda "Neftçi” ilə qarşılaşacaqsınız. Deyəsən, rəqib son vaxtlar öz oyununu tapıb...
- Bəli, məncə də, rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. "Qəbələ” ilə oyunda 2, "Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.

Digər xəbərlər