“Mançester Yunayted” "Sevilya"ya, "Roma" "Şaxtyor"a qarşı

  Bölmə: Xarici futbol | 198 | 19:32 13-03-2018
“Mançester Yunayted” "Sevilya"ya, "Roma" "Şaxtyor"a qarşı
Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək.
 
 İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda 1/4 finala vəsiqə qazanacaq. İlk görüşdə İspaniyada "Sevilya” ilə qolsuz heç-heçə edən "Mançester Yunayted” üstünlük əldə edib. Lakin "qırmızı-qaralar”ın heyətində yetərincə itki var. Zədə üzündən Fil Cons, Markos Roxo, Deyli Blind, Ander Errera və Zlatan İbrahimoviç meydana çıxa bilməyəcək. Pol Poqba ilə Antoni Marsyalın durumları isə sual altındadır.
 
Səfərdə istənilən qollu heç-heçə belə işinə yarayacaq "Sevilya”da 3 oyunçunun zədəsi var. Ancaq Sebastyan Korşya, Daniel Karrisu və Xesus Navas matç saatında meydana çıxacaq vəziyyətdə ola bilərlər.
 
Ukraynada "Şaxtyor”a 1:2 hesabı ilə yenilən "Roma” revanş arzusundadır. Cari mövsümdə "Qarabağ”la eyni qrupda yer alan "canavarlar” yerli publika qarşısında lazımı nəticəni təmin etməyi hədəfləyiblər. Paytaxt klubunun heyətində Luka Pellegrini və Rik Karsdorp zədəlidir. Qrequar Defrelin durumu isə sual altındadır. 
"Şaxtyor” düşərgəsində iki itki var. Dario Srna - cəzalı, Maksim Malışev zədəlidir.
 
Çempionlar Liqası
1/8 final, cavab oyunları
13 mart
 
23:45. "Roma” (İtaliya) – "Şaxtyor” (Ukrayna)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
İlk oyun - 1:2
 
23:45. "Mançester Yunayted” (İngiltərə) – "Sevilya” (İspaniya)
Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 0:0
 
Qeyd edək ki, indiyədək İspaniyanın "Real Madrid”, İtaliyanın "Yuventus”, İngiltərənin "Liverpul” və "Mançester Siti” komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

Digər xəbərlər