Zaur İsmayılov şanslardan və prezidentin motivasiyasından danışdı: "İlk 15 dəqiqədə qol vursaq, dönüş edə bilərik"

  Bölmə: Ölkə futbolu | 152 | 00:36 19-07-2018
Zaur İsmayılov şanslardan və prezidentin motivasiyasından danışdı: "İlk 15 dəqiqədə qol vursaq, dönüş edə bilərik"

"Keşlə"nin baş məşqçinin səlahiyyətlərini müvəqqəti icra edən Zaur İsmayılov Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubu ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.  "Dalğa Arena"nın konfrans zalında media nümayəndələri qarşısına çıxan gənc mütəxəssis əvvəlcə komandasının sabahkı matça hazırlığı haqda danışıb.

 

- İlk oyunda böyük hesabla uduzmağımıza baxmayaraq, evdə rəqibi lazımı hesabla məğlub etməyə çalışacağıq. Məqsədimiz növbəti mərhələyə keçməkdi. Səfər matçında üstünlük biz tərəfdə olsa da, müdafiədə fərdi səhvlərdən qollar buraxdıq. Sabahkı görüşdə ümid edirəm ki, sevinən tərəf biz olacağıq.

 

- Bu məğlubiyyət komandaya psixoloji cəhətədn daha çox təsir etdi, yoxsa baş məşqçi Yuri Maksimovun gedişi?

- Əvvəl belə məğlubiyyət oldu, sonra da gözlənilməz istefa. Məncə, 1:4 hesablı məğlubiyyət komandaya daha çox təsir etdi.

 

- İnanırsınız ki, 3 top fərqinin əvəzini çıxacaqsınız? Bu inam nədən qaynaqlanır?

- Rəqib zəif deyil. Hərçənd, Maltanın komandasıdı. Ancaq kiçik ölkələr də futbol oynayır. Kim daha hazırlıqlı, istəki olursa, o da qalib gəlir. Ona görə ümdiliyəm ki, yaxşı hazırlaşaraq lazımı nəticəni qazana bilərik. Rəqibin əsas gücü əks-hücumlardı və bununla bizi cəzalandırdılar. Bizim də qol şanslarımız oldu, ancaq yararlana bilmədik. Rəqib isə şanslarından maksimum istifadə etdi. Ümdiliyəm kİ, öz meydanımızdakı qarşılaşmada qol imkanlarımızdan yararlana, rəqibin zəif cəhətlərindən maksimum istifadə edə biləcəyik. Bilirik ki, "Baltsan" daha çox müdafiə olunacaq ki, bu da işimizi çətinləşdirir. Hər halda rəqibin müdafiəsini yarmağa çalışacağıq.

 

- İlk oyunda müqayisədə əsas heyətdə dəyişiklik edəcəksiniz?

- İki dəyişiklik olması gözlənilir. 

 

- Yeni transfer Bahodir Nasimovun durumu necədi? Özbək hücumçunun ilk dəqiqələrdən meydana çıxmağı gözlənilir?

- Bəli. Ola bilər ki, start heyətində olsun. Bahodir artıq bizimlə hazırlaşır və oynamağa hazırdı. 

 

- Nəzərə alsaq ki, "Keşlə"nin itirəcəyi heç yoxdu, iki hücumçuyla oynamağı, Bahodir Nasimov və Maltada ehtiyatda qalan Amil Yunanovun ilk dəqiqələrdən meydana buraxmağı düşünürsünüz?

- Bu, mümkündü. Çünki hücum futbolu oynayacağıq. Sərəncamımda 3 hücumçu var və onun 2-si ilk dəqiqələrdən meydanda ola bilər.

 

- Maksimovun taktiki üslubuna sadiq qalacağınız. yoxsa dəyişiklik edəcəksiniz?

- Taktika cəhətdən danışmaq istəmirəm. İlk dəqiqələrdən hücum edəcəyimizi deyə bilərəm.

 

- Pərdis Fərzad-Azadın qayıdışı gözlənilir?

- Hal-hazırda transfer məsələsini bağlamışıq. Onun getməyi ilə bağlı baş məşqçi açıqlama verib. Hazırda bu məsələ gündəmdə deyil.

 

- Klub prezidenti Zaur Axundov komandayla görüşübmü? Onun istəyi nədi? Sizi necə motivasiya edib?

- Zaur müəllim oyundan dərhal sonra görüşdü. Futbolçularımız ağır məğlubiyyətə görə başlarını aşağı salmışdı. Dedi ki, belə etməyin, başınızı dik tutun. Başını aşağı salmaqla ümidimizi itirə bilərik. Dünən də görüşüb, komandanı hərtərəfli motivasiya edib. Zaur müəllim də inanır ki, mərhələni keçə bilərik.

 

- "Keşlə"yə istədiyi nəticəni qazanmağa nə mane ola bilər?

- Müdafiədə diqqətli olmalıyıq. Qol buraxmağa haqqımız yoxdu. Qol buraxsaq, işimiz daha çətin olacaq. Ona görə qol buraxmayıb, hücumda yaxşı oynamalıyıq. Fikrimcə, ilk 15 dəqiqədə qol vursaq, oyunda dönüş edə bilərik. 

 

- Maksimov sizə uğurlar arzuladımı? Cavab matçıyla bağlı məsləhətlərini verdimi, yoxsa küsülü getdi?

- Komandayla sağollaşdı və uğurlar arzladı. Sırf oyun barədə danışmadı.

 

- Təcrübəli ukraynalı həmkarınızdan nə götürdünüz?

- Onun özünəməxsus oyun üslubu var. Maksimovdan götürüləsi şeylər çoxdu, özüm üçün qeydlər aparmışam. Çalışıram ki, hər məşqçidən nəsə götürüm. Maksimov da hücum futboluna, pressinqə üstünlük verirdi.

 

- Sabahkı nəticə baş məşqçi postunda qalmağınıza kömək ola bilərmi, yoxsa istəniən halda yeni çalışdırıcı gələcək?

- Bilmirəm. Bu, rəhbərliyin qərarıdı. 


Digər xəbərlər