Sadıq Sadıqov: "Tədbirin hazırlığı ilə bağlı hər şey göz qabağındadır"

  Bölmə: Cüdo | 1698 | 20:42 20-09-2018
Sadıq Sadıqov: "Tədbirin hazırlığı ilə bağlı hər şey göz qabağındadır"

"Dünya çempionatında ilk gün arxada qaldı. Bu, çox ağır bir tədbirdir. 125 dövlətdən 800-ə yaxın idmançı ölkəmizdədir. Dünya çempionatı olimpiadaya lisenziya xalları verir. Dünyanın ən güclüləri Azərbaycana gəlib". 

Bunu açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Bakıda keçirilən cüdo üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.

S.Sadıqov dünya çempionatına hazırlığın yüksək səviyyədə keçdiyini bildirib: "Tədbirin hazırlığı ilə bağlı hər şey göz qabağındadır. İdmançılarımız da çalışacaqlar ki, öz sözlərini desinlər. Bu gün idmançımız Kəramət Hüseynov bürünc medalı qazana bilmədi. Mən inanıram ki, həmin idmançı olimpiadada yaxşı çıxış edəcək. Gəncləri yarışa cəlb etməliyik. Bu gün yeni nəsil idmançılar yetişdiririk. Onları yarışlara cəlb etməkdə məqsədimiz odur ki, onlar həyəcanı hiss etsinlər. Kəramətin də hansı idmançılarla qarşılaşdığını gördük. İkinci görüşündə olimpiya çempionunu məğlub etdi. Dünya çempionuna isə məğlub oldu. Bir az təcrübəsizdir. Onu Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlayacağıq. İnanıram ki, orada öz sözünü deyəcək. 73 kq çəki dərəcəsində Hidayət Heydərli və Rüstəm Orucov medallar uğrunda yarışacaq. Yaxşı nəticələr əldə edəcəyimizə inanıram".

"Beynəlxalq Cüdo Federasiyası yarışın Bakıda keçirilməsi üçün bizə etimad göstərib. Bizim əsas məqsədimiz yarışın yüksək səviyyədə baş tutmasıdır. Biz isə idmançılarımızdan yüksək nəticə gözləyirik. Onlar il ərzində ən yaxşı təlim-məşq toplanışlarında iştirak ediblər. Tam hazırdılar", - S.Sadıqov vurğulayıb. 

Sadıq Sadıqov son olaraq azarkeşlər tərəfindən dünya çempionatına marağın çox olduğunu bildirib: "Sabah çempionatın açılış mərasimi keçiriləcək. Çempionata da maraq böyükdür. Biletlər də satışdadır. Açılış mərasiminə, demək olar ki, bilet qalmayıb. Yarış günlərində də zalda kifayət qədər azarkeş görəcəksiniz". 


Digər xəbərlər