Olimpiadaya yollanacaq Azərbaycan taekvondoçuları ilə görüş keçirilib

  Bölmə: Digər növlər | 2296 | 23:53 03-10-2018
Olimpiadaya yollanacaq Azərbaycan taekvondoçuları ilə görüş keçirilib

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının keçiriləcəyi Argentinanın paytaxtı Buenos-Ayresə yola düşməzdən əvvəl Azərbaycan taekvondoçuları ilə görüş keçirilib. 

Görüşdə gənclərdən ibarət milli Olimpiya komandasının baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, eləcə də Oyunlarda mübarizə aparacaq gənclər arasında son dünya çempionu Cavad Ağayev və Minayə Əkbərova iştirak edib. 

2014-cü ildə Çinin Nankin şəhərində keçirilmiş olimpiadada Səid Quliyevin qızıl medalı qazandığını xatırladan Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov bu dəfə də eyni uğurun təkrarlanacağına inandığını deyib. İdmançı dövründə əldə etdiyi təcrübəsini taekvondoçularla bölüşən digər vitse-prezident, böyüklər arasında dünya çempionu Niyaməddin Paşayev də məşqçilərə və onların yetirmələrinə uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, "Buenos-Ayres 2018" III Yay Olimpiya Oyunlarında Cavad Ağayev 63 kq, Minayə Əkbərova isə 44 kq çəki dərəcəsində mübarizə aparacaq. Taekvondo yarışları 7 - 11 oktyabrda olacaq. Ümumilikdə 17 idmançıdan ibarət Azərbaycan nümayəndə heyəti Argentina paytaxtına oktyabrın 4-də yola düşəcək.


Digər xəbərlər