Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının iştirakçıları ilə görüş keçirilib

  Bölmə: Digər növlər | 2303 | 16:04 25-10-2018
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının iştirakçıları ilə görüş keçirilib

Milli Olimpiya Komitəsində (MOK) “Zəfər Günləri” layihəsi çərçivəsində Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, müxtəlif milli federasiyaların rəsmiləri və digər şəxslər iştirak ediblər.

Mərasimin əvvəlində olimpiada ilə bağlı videoçarx nümayiş olunub. Daha sonra Ç.Hüseynzadə çıxış edərək Oyunlarda iştirak edən və medal qazanan idmançıları təbrik edib: "Bizim medal ala bilməyən digər idmançılarımız da əzmkarlıqla mübarizə apardılar. Atletlərimiz, tennisçilərimiz çox yaxşı çıxış etdilər. Bu dəfə qazanılan 7 medalın hər biri fərqli idman növləri üzrədir. İndiyədək belə nəticə olmayıb. Bu məqam Azərbaycanda idmanın inkişafından, yüksək səviyyədə olmasından xəbər verir. Gimnastımızın qarışıq komandanın tərkibində qızıl medal qazanmasını qeyd edərdim. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü çatdırıram. Bütün idmansevərləri təbrik edirəm".

Bundan sonra idmançılara Oyunların Təşkilat Komitəsinin xüsusi diplomları təqdim olunub. Medalçılara isə diplomla yanaşı, mükafat da verilib.

Qeyd edək ki, Argentinaya yollanan 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmerxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq)bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.

Yekunda Azərbaycan komandası medal əyarına görə, 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.


Digər xəbərlər