Emin Mahmudov: "Farer adaları və Kosovonu məğlub etməkdən başqa yolumuz yoxdur" - MÜSAHİBƏ

  Bölmə: Ölkə futbolu | 3421 | 22:51 13-11-2018
Emin Mahmudov: "Farer adaları və Kosovonu məğlub etməkdən başqa yolumuz yoxdur" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının və “Neftçi” klubunun futbolçusu Emin Mahmudovun “Report”a müsahibəsi

- “Neftçi” liderliyini davam etdirsə də, Premyer Liqanın sonuncu – XI turunda qələbəni əldən verdi. “Zirə” ilə görüşdə 3 xal qazanmağınız üçün nə çatmadı?

- Pis oynadığımızı demək olmaz. Sadəcə, sonluğu gətirə bilmədik. İkincini vurduqdan sonra çox tez top buraxdıq. Təəssüf ki, oyuna istədiyimiz kimi nəzarət edə bilmədik. “Zirə” də yaxşı komandadır. Ancaq topa daha çox sahib olmalı idik. Bu, çox önəmlidir.

- Demək olarmı ki, çempionluq baxımından qış fasiləsinə qədər liderliyi qorumaq böyük önəm kəsb edir?

- Belə deməzdim. İndi qalib gəlib qış fasiləsindən sonra uduzsaq, onda nə fərqi olacaq? Son mövsümlərdə “Qarabağ”ın çempion olmasına rəqiblərin qış fasiləsindən sonra pis oynaması səbəb olub. İndiki durumda bizim üçün vacib olan həm qış fasiləsinə qədər, həm də sonra öz səviyyəmizi qorumaqdır.

- “Neftçi”nin hazırkı heyəti və sərgilədiyi futbol çempionluq üçün yetərlidirmi?

- Yaxşı komandamız var. Hesab edirəm ki, bütün matçlarda gücümüzü ortaya qoysaq, uğur əldə olacaq. Mübarizə davam edir, amma indidən çempionluq barədə danışmaq tezdir.

- Azərbaycan yığmasını Millətlər Liqasında noyabrın 17-də evdə Farer adaları, 3 gün sonra isə səfərdə Kosovo ilə vacib oyunlar gözləyir. Bu matçlar barədə deyə bilərsiniz?

- Hər iki oyunda qalib gəlməliyik. Başqa yolumuz yoxdur. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bizdə alınacaq.

- Azarkeşlər Farer adaları ilə Bakıdakı oyundan səfərdə olduğu kimi, böyük hesablı qələbə gözləyə bilərmi?

- İndiki dövrdə asanlıqla məğlub ediləcək komanda yoxdur. Rəqiblər də güclənir, kiməsə 3-4 qol vurmaq çətinləşib. Hətta UEFA-ya yeni üzv olan Cəbəllütariq belə, qələbə qazanır. Mümkün qədər yaxşı, azarkeşlərə xoş futbol oynamaq istəyir. Ən başlıcası neçə qol vurmaq yox, qalib gəlməkdir.

- Malta Kosovo ilə ev oyununda qrupun liderin büdrədə bilərmi?

- Malta pis komanda deyil. Kosovonun asanlıqla qalib gələcəyini düşünmürəm.

 

 

 

- İstənilən halda, çoxları hesab edir ki, pley-off mərhələsinə vəsiqənin sahibi Priştinada keçiriləcək Kosovo – Azərbaycan görüşündə müəyyənləşəcək...

- Bu barədə danışmaq üçün tələsməyək. Əvvəlcə Farer adalarını məğlub etməliyik. Bundan sonra Kosovo haqda düşünərik. Bakıda qalib gəlməsək, həmin oyunun əhəmiyyəti qalmaya bilər.

- Ötən qış “Neftçi”yə gələndə oyun praktikası baxımından əziyyət çəkirdiniz. Artıq cari çempionatda “Neftçi”nin aparıcı üzvünə, kapitanına çevrilmisiniz. Lakin Moskva “Spartak”ının formasını geyinən bir futbolçu kimi sizdən gözləntilər daha böyükdür. Yenidən Avropaya qayıtmaq barədə düşünmürsünüz?

- Hazırda bu barədə düşünmürəm. Bütün fikrimi “Neftçi”yə yönəltmişəm. Başa düşürəm ki, indi ora-bura getmək haqda fikirləşsəm, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Mənim üçün başlıcası “Neftçi” və Azərbaycan millisidir. 


Digər xəbərlər