Olimpiya mükafatçımız federasiyadan gileyləndi

  Bölmə: Digər növlər | 2087 | 09:33 12-12-2018
Olimpiya mükafatçımız federasiyadan gileyləndi

Azərbaycanın boks üzrə olimpiya mükafatçısı Teymur Məmmədov karyerasını başa vurmaq istəyir.

Bu barədə 25 yaşlı idmançının özü məlumat verib. 

O, mümkün gedişini zədələrlə əlaqələndirib: “İslamiadadan sonra sol qolumdan əməliyyat olunduğum üçün uzun müddət məşqlərdən kənarda qaldım. Həmçinin burnumu da müalicə etdirmişəm. İndi isə sağ əlimdə problem yaranıb. Hazırda əməliyyat olunmaq üçün maddi durumum elə də yaxşı deyil. Təəssüf ki, Azərbaycan Boks Federasiyasında da maliyyə vəziyyəti yaxşı deyil. Digər tərəfdən, lap əməliyyat olunsam belə, 3-4 aya tam formaya düşə bilməyəcəyəm və 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xalları toplamağım mümkün olmayacaq. Vəziyyətə məntiqlə yanaşmaq lazımdır. Çıxıb uduzmaqdansa, boksdan hörmətlə getməyim yaxşıdır”.

91 kq çəki dərəcəsində yer alan boksçu karyerasını bitirəcəyi halda nə edəcəyini bilmədiyini söyləyib: “Hazırda qazanc yerim yoxdur. Karyeramı bitirsəm, bilmirəm necə olacaq. Çox istərdim ki, dövlət işində çalışım. Amma bunun üçün kimə müraciət etməli olduğumu da bilmirəm”.

Məmmədov onu da vurğulayıb ki, əldə etdiyi nailiyyətlər dövlət səviyyəsində ona gəstərilən dəstəyin nəticəsidir: “Bu günə qədər mənə göstərdikləri etimad və dəstəyə görə ölkə başçısına, Azərbaycan Boks Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Məşqçilərimə, komanda yoldaşlarıma minnətdaram. Hər kəsdən çox razıyam. Arzum “Tokio 2020”də qızıl medal qazanıb boksdan getmək idi. Amma görünən odur ki, alınmadı”.

Qeyd edək ki, Teymur Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O həmçinin Avropa çempionu, “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibidir. 25 yaşlı döyüşçü dünya çempionatının gümüş və bürünc medallarını da qazanıb.


Digər xəbərlər