Londonda Qarabağ atının heykəli qoyulub

  Bölmə: Maqazin | 4426 | 15:59 21-12-2018
Londonda Qarabağ atının heykəli qoyulub

 İngiltərənin paytaxtı Londonda "Alxan" ləqəbli Qarabağ atının heykəli qoyulub. 

Azərbaycan Atçılıq Federasiyasında verilən məlumata görə, tuncdan hazırlanan heykəlin “Hampton Kort” kral sarayının ərazisindəki atçılıq mərkəzində açılışı olub.

Tədbirdə Azərbaycan Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, kral sarayının rəhbəri Lord Vestey, kraliça atlarının rəhbəri Tobi Brouni, Vindsor At Şousunun direktoru Simon Brooks Vard, Vindsor At Şousunun Departament rəhbəri Sarah Rutherford və digər rəsmi şəxslər iştirak edib. Federasiyasının nümayəndə heyəti heykəli Böyük Britaniya kraliçası II Elizabetin doğum gününə hədiyyə olaraq təqdim edib.

Kral sarayının rəhbəri Lord Vestey açılış mərasimində çıxış edərək 2012, 2016 və 2018-ci illərdə Vindsor Kral At Şousu tədbirlərinə böyük dəstəyinə görə Azərbaycana minnətdarlığını bildirib. Eyni zamanda kraliça II Elizabetin hədiyyəyə görə dərin təşəkkürünü çatdıraraq heykəlin yerinin kraliça tərəfindən seçildiyini qeyd edib.

E.Quliyev son illər ərzin­də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində Azərbaycanın Qarabağ atlarının dünya miqyasında şöhrətinin və nüfuzunun artmasını, Böyük Brita­niya ilə Azər­baycan arasında atçılıq sahəsində əmək­daşlığın dünya atçılığına ciddi töhfə verməsini, bu müna­sibətlərin ildən ilə daha da genişlənməsindən məmnunluğunu ifa­də edib.

Qeyd edək ki, 1956-cı ildə ilk dəfə “Zaman” ləqəbli Qarabağ atı Böyük Britaniya kraliçası II Elizabetin doğum gününə hədiyyə edilib. Dekabrın 21-də Qarabağ atları Olimpiya London Beynəlxalq At Şou­sunda çıxış edəcəklər. 


Digər xəbərlər