Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi: "Çox məsuliyyətli bir vəzifə həvalə olunub"

  Bölmə: Güləş | 316 | 13:59 23-12-2018
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi: "Çox məsuliyyətli bir vəzifə həvalə olunub"

Böyüklərdən ibarət sərbəst güləş yığmamıza yenidən baş məşqçi təyin olunan Saypulla AbsaidovAzərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib.

Məsuliyyətli işin altına girdiyini söyləyən təcrübəli mütəxəssis qarşıya qoyulan hədəflərdən də danışıb: "Federasiya rəhbərliyi yenidən bu vəzifəyə məni layiq gördüyü üçün şadam və minnətdaram. Çox məsuliyyətli bir vəzifə həvalə olunub. Növbəti il dünya çempionatı lisenziya xarakteri daşıyır. Biz Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda Olimpiadaya vəsiqələr əldə etməliyik.

İndi iş planı və hazırlıq sistemi haqqında fikirləşirəm. 2019-cu ilə müxtəlif beynəlxalq turnirlərlə başlayacağıq. Apreldə Avropa çempionatı, iyunda isə 2-ci Avropa Oyunlarına qatılacağıq. Sözsüz ki, əsas məqsəd sentyabrda keçiriləcək dünya çempionatında uğurlu çıxış etməkdir. Hədəflərimiz dəyişilməz qalır.

Yaxşı məşqçilərimiz var. Heyətimiz də kifayət qədər güclüdür. Komandamızda həm təcrübəli, həm də böyük perspektiv vəd edən gənc güləşçilər var. Belə kollektivlə rəhbərliyin qarşımıza qoyduğu hədəfə çata bilərik".

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində dəyişiklik edilib. Milli komanda Saypulla Absaidova tapşırılıb. Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin olunub. 


Digər xəbərlər