Azərbaycanın kişi voleybol yığması tarixində ilk dəfə Avropa çempionatına vəsiqə şansı qazanıb

  Bölmə: Digər növlər | 1610 | 09:05 07-01-2019
Azərbaycanın kişi voleybol yığması tarixində ilk dəfə Avropa çempionatına vəsiqə şansı qazanıb

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxmaq üçün vəsiqə şansı qazanıb.

Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv buna seçmə mərhələdə G qrupunun V tur matçında Bakıda Lüksemburq üzərində 3:1 hesablı qələbə sayəsində nail olub.

Dərnəgüldəki Voleybol Mərkəzində keçirilmiş görüşdə meydan sahibləri ilk seti 25:18, ikincisini 27:25 hesablı üstünlüklə tamamlayıb. Üçüncü seti Lüksemburq 25:21 hesabı ilə öndə bitirsə də, dördüncü set həlledici olub - 25:20. Beləliklə, ümumilikdə 101 dəqiqə davam edən mübarizənin yekununda Azərbaycan millisi xallarını 8-ə yüksəldib. Qrupun digər görüşündə Yunanıstan İsveçə qalib gələrək, xallarını 14-ə yüksəldib. Skandinaviya təmsilçisi 5 xalla 3-cü pillədə qərarlaşıb. 3 xala malik Lüksemburq isə axırıncıdır.

Yanvarın 9-da keçiriləcək son turun oyunlarında Lüksemburqla Yunanıstanı, İsveç Azərbaycanı qəbul edəcək. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, Azərbaycan yığması ən azı minimal hesabla (2:3) uduzacağı təqdirdə ən yaxşı 5-yə daxil olaraq mərhələ adlaya bilər.

Qeyd edək ki, final mərhələsi 13 - 29 sentyabrda ilk dəfə 4 ölkədə - Fransa, Sloveniya, Belçika və Hollandiyada təşkil olunacaq. İştirakçı sayı isə 16-dan 24-ə qaldırılıb.

 


Digər xəbərlər