EOC prezidenti: "2023-cü ildə keçiriləcək III Avropa Oyunları üçün bir neçə mühüm təklif almışıq"

  Bölmə: Maqazin | 42 | 16:51 08-01-2019
EOC prezidenti: "2023-cü ildə keçiriləcək III Avropa Oyunları üçün bir neçə mühüm təklif almışıq"

“2023-cü il III Avropa Oyunlarına ev sahibliyi üçün bir neçə mühüm təklif aldığımıza görə şanslıyıq. Yekunda hansı şəhərin tədbiri təşkil etmək hüququna yiyələnəcəyindən asılı olmayaraq, biz yaxşı əllərdə olacağıq”.

Bunu Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Kotsiyançiç yeni il münasibəti ilə qurumun rəsmi saytında yer alan müraciətində bildirib. Lakin 78 yaşlı sloveniyalı funksioner namizədlərin adlarını açıqlamayıb.

III Avropa Oyunların ev sahibliyi üçün namizədlərin qəbuluna ötən il sentyabrın 23-də start verilib. Proses bu il fevralın 28-dək davam edəcək. Oyunların Qərbi Avropa ölkələrindən birində keçiriləcəyi təxmin edilir.

Y.Kotsiyançiç Avropa idmançılarının “Pxençxan 2018” XXIII Qış Olimpiya Oyunlarında və “Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışını yüksək qiymətləndirib. Qurum rəhbəri deyib ki, EOC-un bu il təşkil edəcəyi ilk yarış 10 – 15 fevralda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropa Gənclər Qış Olimpiya Festivalı olacaq.

Onun sözlərinə görə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının təsnifat mərhələsi başladığı üçün 21 – 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları və 20 – 28 iyulda Bakıda baş tutacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalı idmançılar üçün mühüm hadisə olacaq. 

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.


Digər xəbərlər