"Neftçi" və "Qarabağ" iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib

  Bölmə: Ölkə futbolu | 7503 | 10:27 01-02-2019
"Neftçi" və "Qarabağ" iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib

"Neftçi" və "Qarabağ" klubları mövsümün ikinci yarısı üçün yeni iştirak ərizələrini Peşəkar Futbol Liqasına göndəriblər.

Çempionatın liderinin siyahısında 5 yeni futbolçu yer alıb.

Komanda mövsümün ikinci yarısı üçün Mamadu Mboc ("Jalgiris", Litva),Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Qarabağ"), Aqil Məmmədov ("Qəbələ") və Vangellis Platellası (OFİ, Yunanıstan) sifariş verib.

Paytaxt təmsilçisinin icarəyə verdiyi Kvame Karikari ("Əl-Oruba", BƏƏ - icarə), eləcə də yollarını ayırdığı Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Dario Frederiko ("Tequ", Cənubi Koreya) və Slavko Braliç siyahıda yer almayıb. 

"Qarabağ"ın isə iştirak ərizəsində 2 yeni futbolçunun adı qeyd olunub. Halbuki Ağdam təmsilçisi Reynaldo Silva("Aktobe", Qazaxıstan) və Riçard Almeyda ("Astana", Qazaxıstan - icarə) ilə yanaşı, "Qəbələ"dən Hacıağa Hacılını da heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçinin adı "Qarabağ-2" komandasında qeyd olunub. Ağdam təmsilçisinin yollarını ayırdığı iki oyunçu - Turan Vəlizadə ("Neftçi") və Coşqun Diniyev ("Sabah") siyahıdan çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının digər altı komandası iştirak ərizələrini PFL-ə təqdim etməyib. 


Digər xəbərlər