AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

  Bölmə: Ölkə futbolu | 366 | 17:31 04-03-2019
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

Tovuzda Futbol Akademiyası yaradılacaq.

Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov XXVI növbəti Konfransından sonra mətbuat konfransında bildirib. 

O, bununla bağı AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunduğunu söyləyib: “Bugünkü iclasda bəzi qərarlar qəbul olundu. Müzakirə məsələlərindən biri azarkeşlərin böyük maraq göstərdikləri bölgələrdən biri ilə bağlı idi. Qərar qəbul olundu ki, Tovuzda futbol akademiyası yaradılsın. Bununla bağlı müvafiq tapşırıq verildi. Artıq bu məsələni Tovuz rayon İcra Hakimiyyəti ilə müzakirə etmişik. Noyabradək layihə hazır olacaq. FIFA və UEFA-nın da maliyyə dəstəyi ilə bu işin icrasına yaxın zamanlarda başlayacağıq”.

Baş katib bildirib ki, növbəti mövsüm əvəzedici komandalar AFFA-dan ildə 50 min manat maliyyə vəsaiti alacaqlar. İmtina edənlər isə 100 min manat cərimə ödəyəcəklər. Bundan başqa AFFA Lisenziyalaşdırma Komitəsinin tərkibində dəyişiklik edilib. Adlar və soyadlar AFFA-nın rəsmi saytında yazılacaq. Oyunçuların Statusu və Transferi Komitəsinin tərkibinə yeni üzvlər daxil ediləcək. 

İclasda qadınlardan ibarət yığmalara baş məşqçi təyinatları təsdiqlənib. VAR sistemi ilə bağlı səmərəli müzakirələr aparılıb. İcraiyyə Komitəsi Hakimlər Komitəsi və baş katibə bununla bağlı araşdırma aparılması və hazırlıq üçün işlərə başlanılması tapşırığını verib. Araşdırma və təhlillər bu mövsümün sonunadək aparılacaq.


Digər xəbərlər