Avropa Gənclərinin Olimpiya Festivalı: Cırtdan və Bəbir nağılı

  Bölmə: Maqazin | 348 | 09:00 13-03-2019
Avropa Gənclərinin Olimpiya Festivalı: Cırtdan və Bəbir nağılı

Bu il Bakıda ilk dəfə Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) təşkil ediləcək. İyulun 21-də start götürəcək idman tədbirinə qitənin 50 ölkəsindən 3600-dək idmançı və texniki heyət üzvləri qatılacaq. Bir həftə ərzində 10 idman növü - bədii gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə mübarizə gedəcək. Yarış iştirakçıları 12 idman qurğusunda çıxış edəcəklər.

 

Minskdə keçirilməli idi, Bakıya qismət oldu

Əslində, sayca XV EYOF Belarusun paytaxtı Minskdə keçirilməli idi. Lakin Avropa Olimpiya Komitələri (EOC) 2016-cı il oktyabrın 21-də II Avropa Oyunlarının da Minskdə təşkilinə dair qərar verdikdən sonra Belarus eyni ildə iki yarışa ev sahibliyi edə bilməyəcəyini açıqlayıb. Bu səbəbdən, Azərbaycan tərəfi festivalın təşkilini öz üzərinə götürüb. Üstəlik, ilk dəfə festivalın proqramına milli idman növlərindən olan güləş də salınıb. Bu isə təşkilatçı ölkəyə daha çox medal qazanmaq imkanı verir.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, bu yenilik məhz Azərbaycanın nüfuzu sayəsində gerçəkləşib: "Builki festival bir qədər fərqli olacaq. Çünki ev sahibi kimi müəyyən dəyişiklik edərək, proqrama güləşi də salmışıq. Ümid edirik ki, bunun hesabına medallarımızın sayı çoxalacaq. Düzdür, güləş yalnız Bakıdakı festivalın proqramında yer alacaq, amma müsabiqədənkənar yarış statuslu olmayacaq. Bütün ölkələr festivala öz güləşçilərini də gətirəcəklər. Qaydalara əsasən, proqramda 9 idman növü məcburi olmalıdır. Ev sahibi isə əlavə bir növü proqrama daxil edə bilər. Bir çox ölkə bu imkandan yararlanaraq, proqrama özünün ən populyar idman növünü daxil edib. Bəzilərinə isə belə bir icazə verilməyib. Məsələn, 2015-ci ildə Gürcüstan Milli Olimpiya Komitəsi güləşi festivalın proqramına daxil etmək istəyirdi. Amma bunu edə bilmədilər. Azərbaycanın isə EOC və Beynəlxalq Olimpiya Komitəsindəki nüfuzu o qədər yüksəkdir ki, hər məsələdə xahişi rədd edə bilmirlər".

 

Niyə məhz cüdo və atletika?

Ümumiyyətlə, EYOF ideyasını gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək üçün EOC-un sabiq prezidenti Jak Roq 1990-cı ildə irəli sürüb. Bu festival Avropanın 14 - 18 yaşlı gənc atletləri üçün yüksək səviyyəli kompleks yarışdır. İlk belə yarış 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. İki ildə bir dəfə - tək illərdə təşkil edilən festivallarda Azərbaycan 1993-cü ildən təmsil olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki EYOF-da 43 ölkə mübarizə aparıb. Həmin festivalda Azərbaycan komandası 1 qızıl, 2 gümüş medalla ümumi hesabda 17-ci yeri tutub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti EYOF-da cəmi 1 gümüş medal olubsa, 1997-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunmuş festivalda Azərbaycan ümumiyyətlə təmsil olunmayıb.

Dövlət başçısı İlham Əliyev həmin il MOK prezidenti seçildikdən sonra Azərbaycan idmançıları yenidən EYOF-da çıxış etməyə və medallar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş festivalda 3 bürünc medal qazanılıb. 2001-ci ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş, 2 bürünc, 2003-cü ildə Fransanın paytaxtı Parisdə 2 gümüş, 1 bürünc, 2005-ci ildə İtaliyanın Linyano şəhərində 2 qızıl, 4 bürünc medal əldə olunub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub.

2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Qyor şəhərində isə 1 gümüş, 1 bürünc medal qazanılıb.

Medalların sayı kifayət qədər olsa da, onların yalnız cüdo və atletika növlərində əldə olunması sual doğurur. Ç.Hüseynzadə bunu festivalın proqramında Azərbaycanın yüksək nəticələr göstərə biləcəyi növlərin olmaması ilə əlaqələndirib: "Proqramda döyüş idman növü olaraq, yalnız cüdo yer alıb. Bu səbəbdən, biz EYOF-a nə boksçu, nə güləşçi, nə də taekvondoçu göndərə bilmişik. Amma cüdoda lazımınca təmsilçimiz olduğu üçün nəticələr də qazanmışıq. Eləcə də atletikada ən yaxşı nəticələrimizi göstərmişik. Digər növlərdə isə medal qazanmağa qadir idmançılarımız olmayıb. Festivallara gedəndə gücü əsasən atletika və cüdoya vermişik. Bu da özünü doğruldub".

 

Nazim Babayev: "Bakıdakı festival daha yüksək səviyyədə keçiriləcək"

Azyaşlı idmançılar arasında 2010-cu ildən Yeniyetmələrin Yay Olimpiya Oyunları da keçirilir. Lakin həmin Oyunlarda əvvəllər medal qazanan Azərbaycan idmançılarının əksəriyyəti bunu böyüklər arasındakı nüfuzlu yarışlarda təkrarlaya bilməyiblər. Əvəzində festivallarda medal qazananların böyük hissəsi sonralar böyüklər arasında Avropa və dünya çempionatları, hətta Yay Olimpiya Oyunlarında medallar əldə ediblər. Onlara misal olaraq, hazırda Türkiyəni təmsil edən atlet Ramil Quliyevi göstərmək olar. Quliyev 2007-ci il Belqrad festivalında həm 100 metr, həm də 200 metr məsafəyə qaçışda hamını geridə qoyaraq, 2 qızıl medal qazanıb. 2013-cü il Utrext festivalında isə daha bir azərbaycanlı atlet Nazim Babayev 3 təkanla uzununa tullanma yarışında qızıl medala yiyələnib. 22 yaşı idmançı bu il martın 3-də Şotlandiyanın Qlazqo şəhərində böyüklər arasında Avropa çempionu tituluna yiyələnib.

Babayev bu nailiyyətində 2013-cü ildəki uğurunun da böyük rola malik olduğunu bildirib. O, Bakıdakı festivalın daha yüksək səviyyədə təşkil olunacağına və Azərbaycan atletlərinin daha çox medal qazanacaqlarına inam ifadə edib: "Utrextdəki festivalda 15,53 metr nəticə ilə qızıl medal qazanmışdım. Oradakı təşkilatçılıq yüksək səviyyədə idi. Amma mən inanıram ki, Bakıdakı festival daha yüksək səviyyədə keçiriləcək. Perspektivli, medal qazanmağa qadir idmançılarımız da var. Onlar Avropa səviyyəlidirlər və nəticələri get-gedə yüksəlməkdədir. İnanıram ki, doğma divarlar arasında medallar qazanmağı bacaracaqlar. Gənclərə tövsiyəm isə budur: daha səylə məşq etsinlər, qarşılarına məqsəd qoysunlar. Mümkün olmayan şey yoxdur".

Ç.Hüseynzadə isə festivallarda yüksək nailiyyət göstərən idmançıların uğurlarını sonradan böyüklərin yarışlarında da davam etdirmələrini EYOF-un hər iki ildə bir dəfə təşkili ilə əlaqələndirib: "Əsas məsələ ondadır ki, EYOF hər 2 ildə bir dəfə, olimpiada isə 4 ildənbir keçirilir. Yəni, hər hansı idmançının olimpiadada medal qazanmaq üçün 4 ildə bir dəfə şansı olur. Ola bilər ki, hansısa güclü idmançı yeniyetmələr olimpiadasına düşə bilməsin. Çünki yaş qrupu ona növbəti belə imkanı qazandırmır. İdmançılarımızın nəticələrinin zəifləməsi bununla əlaqədardır. İstisna hallar da var. Məsələn, Nazim Babayev yeniyetmələr olimpiadasında da yüksək səviyyədə çıxış edərək, bürünc medal qazanıb".

Çingiz Hüseynzadə: "İsti havada idmançıları yormaq istəmədik"

XV EYOF-da daha bir yenilik kimi açılış mərasiminin açıq məkanda deyil, Dövlət Bayrağı Meydanı ərazisindəki Bakı Kristal Zalında təşkilini vurğulamaq olar. Halbuki istər 2015-ci il I Avropa Oyunları, istərsə də 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında təntənəli tədbir 67 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçirilib. Ç.Hüseynzadə isti havada gənc idmançıları yormamaq üçün soyutma sistemi ilə təchiz olunmuş qapalı məkan seçdiklərini bildirib: "Bu yarışmanın adı festivaldır. Biz də bacardıqca onu festival çərçivəsinə salmaq istəyirik. Daha əvvəl Macarıstanda açılışı universitet şəhərciyində, Gürcüstanda isə kiçik stadionda etmişdilər. Biz isə istəyirik ki, açılış mərasimi gənclərimiz üçün bayrama çevrilsin. Bakı Kristal Zalı kifayət qədər tamaşaçı tutumuna malikdir. Açılış mərasimində 20 mindən çox insan iştirak edə biləcək. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, iyulda Bakıda havalar xeyli isti olur. Festival cəmi bir həftə davam edəcək. Açılışın ertəsi günü demək olar ki, bütün yarışlar başlayacaq. Açılış zamanı paradda iştirak etmiş idmançılar yarışa ertəsi gün başlamırlar. İsti havada idmançıları yormamaq üçün onlara belə şərait yaratmışıq ki, qapalı və sərin məkanda bayram etsinlər, məcburiyyət olmasın".

 

Beləliklə, Azərbaycan idmanını bu il daha bir ciddi sınaq gözləyir. Yubiley festivalının Bakıda keçirilməsi həm təşkilatçılıq, həm də gənc idmançıların yüksək nailiyyətlər göstərmələri baxımından önəmlidir. İndiyədək ölkəmiz bir çox nüfuzlu yarışlara ev sahibliyi etməklə təşkilatçılıq bacarığını ortaya qoyub. Qalır yenə uğurla çıxış edərək, çoxlu sayda medal qazanmaq. Ç.Hüseynzadə bunun üçün hər bir federasiyanın öz idmançılarının hazırlıq prosesinə ciddi yanaşdığını vurğulayıb: “Hamı işini yaxşı anlayır. Festivala xüsusi hazırlığa gərək yoxdur. Çünki həmin dövrdə yeniyetmələrin qitə və dünya birincilikləri təşkil olunur. Elə idman növləri var ki, festivalla dünya və Avropa çempionatları arasında təqribən on günlük ara olacaq. Yəni, həmin yarışlar çox yaxın məsafədə keçiriləcək. Ona görə də bu yaş qrupundakı yığmalar həm festivala, həm də digər nüfuzlu yarışlara paralel hazırlaşırlar”.

Artıq EYOF-un rəsmi talismanları da təqdim olunub. Bunlar Cırtdan və Bəbirdir. Cırtdan Azərbaycanda uşaqların ən populyar nağıl personajıdır. Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Azərbaycan mədəni irsi və təbiətinin rəmzləri kimi, EYOF-un rəsmi talismanları ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü EYOF zamanı zirvələrə doğru yüksəlməyə hazır olacaqlar. EYOF “Bakı 2019”un rəsmi şüarı sayılan “Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir. 

 

 


Digər xəbərlər