"Böyük dəbilqə" də millimiz üçüncü pillədə qərarlaşıb

  Bölmə: Cüdo | 334 | 23:32 11-05-2019
"Böyük dəbilqə" də millimiz üçüncü pillədə qərarlaşıb

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq turnirində ikinci günün yarışlarına yekun vurulub. Günün yekun nəticələrinə görə, Azərbaycan cüdoçuları 1 qızıl, 2 bürünc medal qazanıblar. OLİMPSPORT  xəbər verir ki, qızıl medalı ölkəmizin aktivinə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yazdırıb. Bürünc medalları isə eyni çəkidə Rüstəm Orucovla Telman Vəliyev qazanıb. Digər cüdoçularımız isə mübarizəni erkən dayandırıblar. Kişilər arasında Azərbaycan idmançısı Hidayət Heydərovla yanaşı, israilli Saqi Muki (81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınların yarışında isə Yaponiya təmsilçiləri Miku Taşiro (63 kq) və Çizuru Arai (70 kq) eyni uğura imza atıblar. Qeyd edək ki, yarışların birinci günündə Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb. Ümumi nəticəyə görə Azərbaycan komandası 1 qızıl, 1 gümüş, 2 bürünc medalla üçüncü pillədə qərarlaşıb. Yaponiya komandası 2 qızıl, 2 gümüş medalla birinci, Braziliya millisi 2 qızıl, 1 bürünc medalla ikinci yerdədir. Mayın 12-də yekun vurulacaq nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu gücünü sınayır. Azərbaycan bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.


Digər xəbərlər