Olimpiya çempionumuz da ölkəmizə qarşı qarayaxma kampaniyasına öz münasibətini bildirib

  Bölmə: Maqazin | 343 | 11:47 13-05-2019
Olimpiya çempionumuz da ölkəmizə qarşı qarayaxma kampaniyasına öz münasibətini bildirib

   UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində anti-Azərbaycan qüvvələrin növbəti dəfə fəallaşaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlaması təsadüfi deyil. Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsi, dünyada söz və nüfuz sahibinə çevrilməsi istiqamətində yürütdüyü müstəqil siyasəti bəzi qüvvələrin narahatlığı artırır. Həmin qüvvələr ölkəmizin dünyada nüfuzunun artmasından, onun dünyada ən mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq mərkəzə çevrilməsindən daha çox narahat olmağa başlayır və hər vəchlə buna mane olmağa çalışırlar. UEFA Avropa Liqasının final oyunu kimi mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırılması yönündə aparılan məkrli kampaniya da məhz bu qara niyyətli qüvvələrin növbəti addımıdır. Ölkəmizə qarşı idmana aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələrin irəli sürülməsi məhz bu amillərlə bağlıdır. OLİMPSPORT xəbər verir ki, bunu Olimpiya çempionu Zemfira Meftaxətdinova AZƏRTAC-a açıqlamasında deyib. Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanın həm də güclü idman dövləti kimi tanındığını bildirən Olimpiya çempionu ölkəmizdə nüfuzlu idman tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq bildirib: “Azərbaycan irimiqyaslı turnirlərin keçirilməsində zəngin təcrübəyə malikdir. Ölkəmiz əvvəlki dövrdə də sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri, idman yarışını ən yüksək səviyyədə təşkil etməyə qadirdir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2016-cı ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-Prisi və digər mühüm tədbir və yarışlar ərəfəsində də ölkəmiz qarayaxma kampaniyalarının hədəfi olub. Hazırda irəli sürülən iddialar da növbəti mühüm tədbir ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi daşıyır. Azərbaycanın sülhsevər ölkə, xalqımızın qədirbilən və qonaqpərvər olmasını ölkəmizə gələn qonaqlar dəfələrlə etiraf ediblər. Əvvəllər də yarışlar zamanı erməni idmançılar Azərbaycana gəliblər. Hətta dövlətimizin başçısı erməni idmançılara mükafatları şəxsən təqdim edib. Bu yarışlar zamanı Ermənistan və digər ölkələrin idmançılarına qarşı heç bir insident, xoşagəlməz hadisə baş verməyib. “Arsenal” klubunun futbolçusu erməni əsilli Henrix Mxitaryanın da Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. İdman təkcə yarışların təşkili deyil, həm də xalqlar, dövlətlər arasında sülh, dostluq və həmrəyliyin yaradılması üçün gözəl vasitədir. Əminik ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu da xalqların dostluq və qardaşlıq bayramına çevriləcək”.


Digər xəbərlər