Çempionlar Liqasının finalı ilə əlaqədar Madrid od tutub yanır

  Bölmə: Maqazin | 155 | 22:44 17-05-2019
Çempionlar Liqasının finalı ilə əlaqədar Madrid od tutub yanır

  Madridin “Real” klubunun stadionu iyunun 1-də “Liverpul” və “Tottenhem” arasında Çempionlar Liqasının final matçını qəbul edəcək. AZƏRTAC daşınmaz əmlak haqqında “Idealista” portalına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq İspaniya paytaxtının otellərində qiymətlər təqribən 10 dəfə bahalaşıb. Belə günlərdə Madrid mehmanxanalarında bir gecə qalmağın qiymətləri 1300 avrodan aşağı olmur. Gözlənildiyinə görə, Madridə 34 min britaniyalı gələcək. Lakin bu, rəsmi rəqəmdir. Əslində, İspaniya paytaxtı xeyli çox futbol fanatı qəbul etməyə hazırlaşır. Üçulduzlu mehmanxanalarda həmin günlər üçün yerlərin hamısı tutulub. Madrid sakinləri də azarkeşlər hesabına varlanmaq fürsətini əldən vermirlər. Bir gecə üçün 1000 avrodan ucuz mənzil tapmaq qeyri-mümkündür. Stadionun yerləşdiyi rayondakı evlər bir gecə üçün 12 min avroya kirayə verilir. İyunun ilk günləri üçün qiymətlər başqa rayonlarda və hətta ətraf qəsəbələrdə də kəskin artıb.

Nigar Cəfərli AZƏRTAC-ın xüsusi müxbiri Madrid


Digər xəbərlər