Avropa Liqasının kuboku Cocuq Mərcanlıya gətirilib

  Bölmə: Ölkə futbolu | 1468 | 17:19 21-05-2019
Avropa Liqasının kuboku Cocuq Mərcanlıya gətirilib

    UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının kubokunu görmək imkanı yaradan kubok turu keçirib. Kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva və Parisi əhatə edib. Kubokun son dayanacaq məntəqəsi isə final oyununun keçiriləcəyi Azərbaycan olub. OLİMPSPORT AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata əsasən xəbər verir  ki, UEFA Avropa Liqasının kuboku ölkəmizin bölgələrində də nümayiş olunur. Belə ki, Avropa Liqasının kuboku Gəncə şəhərindən sonra mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib. Avropa Liqasının kubokunu yaxından görmək və şəkil çəkdirmək istəyən kənd sakinləri, futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub. Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlar, futbol üzrə ustad dərsləri və digər əyləncələr maraqla qarşılanıb. Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib. Qeyd edək ki, Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.


Digər xəbərlər