Aikidoçularımız Yaponiyada beynəlxalq turnirdə yarışırlar

  Bölmə: Digər növlər | 776 | 17:25 21-05-2019
Aikidoçularımız Yaponiyada beynəlxalq turnirdə yarışırlar

   Tokioda “Ryu World Aikido” Federasiyasi tərəfindən təşkil olunan 29-cu beynəlxalq yoşinkan aykido turnirində Azərbaycan idmançıları da iştirak edirlər. Mötəbər turnirdə Azərbaycanı dördüncü dan qara kəmər ustası Atil Ağamirov və üçüncü dan qara kəmər ustası Ülvi Ağamirov təmsil edirlər. Yoşinkan aykido Yaponiya ilə yanaşı, ABŞ, Kanada, Bolqarıstan, Filippin və digər ölkələrdə də populyar idman növlərindən sayılır. İdmanın bu növü ilə əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları məşğul olurlar. Tokionun Urayasu şəhərində keçirilən turnir yoşinkan aykido üzrə müxtəlif məktəblərin nümayəndələrinin nümunəvi çıxışları ilə başlayıb. Azərbaycan idmançıları birlikdə və fərdi qaydada müxtəlif fəndləri nümayiş etdiriblər. İdmançılarımızın çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb, münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Turnirin münsiflər heyətinin üzvü, səkkizinci dan qara kəmər ustası Tsuneo Ando AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Azərbaycan idmançılarının bu beynəlxalq turnirə qatılmasının və uğurlu çıxışının sevindirici olduğunu vurğulayaraq deyib: “Turnirdə 3 yaşdan 80 yaşadək idmançılar iştirak edirlər. Məqsədimiz idmanın bu növünü bütün dünyada tanıtmaq və yaymaqdır. Turnirdə yerli idmançılarla yanaşı, dünyanın müxtəlif ölkələrindən gələn aykido ustaları da bacarıqlarını nümayiş etdirirlər. Azərbaycan idmançılarının çıxışları çox uğurlu alındı və tamaşaçıların alqışları ilə qarşılandı. Onlara uğurlar arzulayıram”. İyirmi gün davam edəcək turnir çərçivəsində idmançılarımız təlim və seminarlara qatılacaq, yeni dərəcə almaq üçün imtahan verəcəklər.

AZƏRTAC


Digər xəbərlər