23 may Beynəlxalq Güləş Günüdür

  Bölmə: Maqazin | 233 | 12:02 23-05-2019
23 may Beynəlxalq Güləş Günüdür

   Bu gün Beynəlxalq Güləş Günü kimi qeyd olunur. Güləş idmanın ən qədim növlərindən biridir. Müntəzəm olaraq Olimpiadanın proqramında yer alan güləş mübarizə, əzmkarlıq, güc və dəyanətin rəmzidir. Türk və İslam dünyasında da məşhur olan güləş ata idmanımız sayılır. Təsadüfi deyil ki, bütün idman növləri arasında beynəlxalq yarışlarda, xüsusən də Olimpiadalarda, dünya və Avropa çempionatlarında Azərbaycan adına ən böyük uğurlara güləşçilərimiz imza atıb. Müstəqillik qazandıqdan bu yana davam edən liderliyi qorumağın qürurunu yaşayırıq. Sözsüz, bu uğurda güləşçilərimizin və məşqçilərimizin əməyi, əziyyəti və zəhməti əsas rol oynayıb. Ancaq xalqımızın güləşə olan böyük marağı, güləşçilərimizə verilən hədsiz böyük dəstək də diqqətdən kənarda qala bilməz. Güləşin ölkəmizdə kütləviliyi bu idman növünə olan sevginin əyani sübutudur. 23 may - Beynəlxalq Güləş Günü münasibəti ilə bütün güləş ictimaiyyətini və güləşsevərləri təbrik edirik. İnanırıq ki, güləşçilərimiz Atlanta, Sidney, Afina, Pekin, London və Rio de Janeyroda keçirilmiş Olimpiadalarda qazandıqları uğurların davamını gələn il Tokioda da gətirəcək, bayrağımızı Yaponiyada da ucaldacaq və bir daha bizi, xalqımızı qürurlandıracaqlar. Yaşasın Azərbaycan güləşi!


Digər xəbərlər