Əhməd Əhməd sərbəst buraxılıb

  Bölmə: Maqazin | 132 | 16:58 07-06-2019
Əhməd Əhməd sərbəst buraxılıb

    Afrika Futbol Konfederasiyasının (CAF) başçısı Əhməd Əhməd sərbəst buraxılıb. İstintaqın bu mərhələsində onun barəsində cinayət təqibi başlanmayacaq. Bu barədə informasiyanı iyunun 7-də Assoşieyted Press Agentliyi yayıb. Əhməd Əhməd iyunun 6-da Parisdə məhkəmə polisi tərəfindən həbs edilib və dindirilib. Prokuror Ksavye Tarabyo deyib: “Əhməd Əhməd mayın 28-də Marseldə açılmış məhkəmə işi çərçivəsində, o cümlədən fırıldaqçılıq, korrupsiya, etimaddan sui-istifadə faktı üzrə həbs edilib”. Daha əvvəl bildirilib ki, Əhməd Əhməd Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Konqresində iştirak etmək üçün iyunun 5-də Parisə gəlib. İsveçrəli Canni İnfantino iyunun 5-də yenidən FIFA prezidenti seçilib. Madaqaskarlı 59 yaşlı Ə.Əhməd Fransanın korrupsiyaya, həmçinin maliyyə və vergi ilə bağlı hüquq pozuntularına qarşı mübarizə üzrə mərkəzi bürosunun nümayəndələri tərəfindən istintaq edilib. Əhməd Əhmədin həbs edilməsi Almaniyanın “Puma” geyim şirkəti ilə CAF arasında sponsor müqaviləsinin CAF-ın təşəbbüsü ilə birtərəfli qaydada pozulması ilə bağlıdır. CAF-ın keçmiş baş katibi Əmra Fəhminin sözlərinə görə, Konfederasiya bu addımı Fransanın “Technical Steel” şirkəti ilə saziş bağlamaq xatirinə atıb, çünki “Technical Steel” şirkətinin rəhbərlərindən biri Əhmədin yaxın tanışı imiş. Əhməd 2017-ci ildə CAF-ın yeddinci prezidenti olub. Bu vəzifədə o, kamerunlu İssa Hayatunu əvəz edib.


Digər xəbərlər