Nazim Süleymanov: "Nə qədər ki, İmişli, Lənkəran, Gəncə Premyer Liqada yoxdur, milli komanda da uğur qazana bilməyəcək"

  Bölmə: Maqazin | 626 | 23:11 24-06-2019
Nazim Süleymanov: "Nə qədər ki, İmişli, Lənkəran, Gəncə Premyer Liqada yoxdur, milli komanda da uğur qazana bilməyəcək"

   İyunun 24-də Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının (AFİAHİ) rəhbər heyəti İmişlidə yerli futbol ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.

   OLİMPSPORT xəbər verir ki, AFİAHİ-nin təşəbbüs qrupunun rəhbəri, tanınmış veteran futbolçu Nazim Süleymanov İmişli futbol ictimaiyyətinin nümayəndələri tərəfindən böyük sevinc və hörmətlə qarşılanıb. Nazim müəllim yerli futbol ailəsi qarşısında yeni yaranmış təşkilat haqqında qısa məlumat verərək deyib:

"Bu təşkilatın yaranması bir zərurət idi. AFİAHİ haqq və hüquqları pozulmuş futbol ailəsini müdafiə etmək məqsədilə yaradılıb. Indiyə qədər Azərbaycan futbolunda həmkarlar ittifaqının olmadığı üçün mən də daxil olmaqla çox futbolçu və məşqçilər müəyyən təzyiqlərə məruz qalıb, ziyan çəkmişik. Elə bu səbəbdən də bəzi neqativ hallara son qoymaq məqsədilə bunu yaratdıq. Bu, könüllü təşkilatdır. Futbola yaxın olan istənilən şəxs bu təşkilata üzv ola bilər. Bununla bağlı biz Azərbaycan Futbol Federasiyasının (AFFA) baş katibi Elxan Məmmədovla da görüşmüşük. Elxan müəllim ilkin fikir olaraq bizi dəstəklədi. Düzdür, bu təşkilat AFFA-dan asılı deyil. Yəni, AFFA-nın dəstək verməsi bizim üçün də xoşdur. Amma buna baxmayaraq bizim öz məqsədimiz var. Məqsədimiz-məramımız futbolumuzun inkişafına təkan verməklə yanaşı haqqı və hüququ pozulmuş futbol adamlarını müdafiə etməkdir. Elə bura gəlməkdə məqsədimiz fəaliyyətimiz və gələcək iş planımız haqqında sizi tanış etmək, üzvlərimizin sayını çoxaltmaq, gücümüzü, birliyimizi artırmaq və eyni zamanda sizin də təklif və arzularınızla tanış olmaqdır. Nəyə görə İmişlidə futbol olmamalıdır? Nəyə görə milli oyuna çıxır, uduzur? Nə qədər ki, İmişli, Lənkəran, Gəncə Premyer Liqada yoxdur, milli komanda da uğur qazana bilməyəcək. Azərbaycan futbolu Bakı klublarından asılı deyil ki? Bölgələrdə futbol olmalıdır, hər bölgədən futbolçular çıxmalıdır ki, yığmanın da geniş və keyfiyyətli seçim imkanı olsun".

  Daha sonra yerli futbol veteranlarından Şəhriyar Həsənov İmişlidə "Heydər Əliyev" adına stadionunun futbolsuz qalmasına görə çox narahat olduqlarını dilə gətirdi. O bildirdi ki, AFFA nəinki İmişlidə, bütün futbolsuz qalan futbol bölgələrimizdə yenidən klubların fəaliyyətinin bərpasına diqqət etməlidir. Bundan əlavə Qadir Quliyev, Əlisafa Şükürov, Fizuli Musayev, Ramiz Qarayev, Süleyman İsayev, Sehrab Həsənov, Elşən Hüseynov, İbrahim Musayev, Teymur Hüseynov, Laçın Mustafayev və başqaları çıxış edərək öz təklif və ürək sözlərini bildirdilər. Iştirakçılardan bəzisi hətta, futbol məşqlərində qapı torunun olmamasından, top azlığından şikayətləndilər. Qeyd edək ki, görüşdə İmişli futbol məktəbinin yetirməsi, veteran futbolçu Nadir Şükürov və "OLİMPSPORT" jurnalının baş redaktoru, AFİAHİ-nin üzvü Ramin Allahverdiyev də yeni təşkilatın potensial və perspektivlərindən söz açıblar. Tədbirdə iştirak edən bütün şəxslər böyük məmnuniyyətlə  AFİAHİ-yə üzv olmaq üçün könüllü olaraq ərizə formasında təşəbbüs qrupunun rəhbəri Nazim Süleymanovun adına müraciət ediblər. Yeni üzvlər canla başla Nazim Süleymanovun rəhbərliyi altında üzərilərinə düşən köməkliklərini etməyə hazır olduqlarını bildirdilər.

Tədbirin sonunda Nazim Süleymanov onun futbol həyatı haqqında dərc olunmuş imzalı kitabını yeni üzvlərə hədiyyə etdi.

Qeyd edək ki, İmişli səfərindən qabaq AFİAHİ Gəncə, Masallı və Buzovnada futbol ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Növbəti belə səfərlər yaxın vaxtlarda Lənkəranda və digər bölgələrdə olacağı gözlənilir.

 

 

IMG-20190624-WA0001


Digər xəbərlər