"Minsk 2019" : Iki qadın güləşçimiz yarım finala vəsiqə qazanıb

  Bölmə: Güləş | 626 | 16:18 27-06-2019
"Minsk 2019" : Iki qadın güləşçimiz yarım finala vəsiqə qazanıb

  Azərbaycanın daha iki qadın güləşçisi ikinci Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb.

İyunun 27-də Azərbaycanın daha iki qadın güləşçisi “Minsk 2019”un yarımfinalına yüksəlib.

Yarışda 50 kiloqram çəki dərəcəsində çıxış edən Mariya Stadnikdən sonra Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) da adlarını yarımfinala yazdırıblar. Səkkizdəbir finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gələrək dörddəbir finala yüksələn E.Qəmbərova (62 kq) bu mərhələdə polşalı Katarina Madrovskanı 9:0 hesabı ilə məğlubiyyətə uğradıb. Yarımfinalda idmançımızın rəqibi rumıniyalı Krişta İnçze olacaq. Səbirə Əliyeva (76 kq) isə dörddəbir finalda Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr üzərində 8:2 hesablı qələbə qazanaraq adını yarımfinala yazdırıb. Güləşçimiz bu mərhələdə almaniyalı Fransi Raedelt ilə üz-üzə gələcək. S.Əliyeva səkkizdəbir finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən A.Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlsə də, bu mərhələdə bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6. Rəqib finala çıxacağı təqdirdə idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.

Bu gün, həmçinin iki çəki dərəcəsində kişi güləşçilərimiz qızıl medal uğrunda mübarizə aparacaqlar. Hacı Əliyev (65 kq) finalda gürcü Vladimir Xinçeqaşvili, Nurməhəmməd Hacıyev (97 kq) isə Rusiya təmsilçisi Albdurəşid Sadullayev ilə qarşılaşacaqlar. H.Əliyev Bakı vaxtı ilə saat 19:50-də, N.Hacıyev isə saat 20:40-da xalça üzərinə çıxacaqlar.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 1 qızıl, 4 gümüş və 9 bürünc medal var.


Digər xəbərlər