Qadınlar arasında futbol üzrə dünya çempionatının yarımfinalçıları məlum olub

  Bölmə: Xarici futbol | 249 | 13:13 01-07-2019
Qadınlar arasında futbol üzrə dünya çempionatının yarımfinalçıları məlum olub

Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının yarımfinalçıları müəyyənləşib.

1/4 final mərhələsinin ötən gün keçirilən son iki oyununda Hollandiya yığması İtaliyanı (2:0), İsveç millisi isə Almaniyanı (2:1) məğlubiyyətə uğradaraq finala vəsiqəni təmin ediblər. Digər qarşılaşmalarında isə İngiltərə yığması Norveçdən (3:0), ABŞ seçməsi isə ev sahibi Fransadan (2:1) üstün olub.

Beləliklə, çempionatın yarımfinal mərhələsində İngiltərə-ABŞ və Hollandiya-İsveç görüşləri oynanılacaq. Yarımfinal qarşılaşmaları müvafiq olaraq iyulun 2-də və 3-də təşkil ediləcək. Çempionatda üçüncü yer uğrunda görüş iyulun 6-da, final matçı iyulun 7-də Lion şəhərində keçiriləcək. Dünya çempionatında 24 komanda altı qrupda mübarizə aparıb.

Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniyanı minimal hesabla məğlubiyyətə uğradıb.

Qadın futbolçular arasında ilk dünya çempionatı 1991-ci ildə keçirilib. İndiyədək 7 dəfə təşkil edilən dünya çempionatlarında ABŞ yığması üç dəfə kuboka sahib olub. Almaniya millisi 2, Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.


Digər xəbərlər