Səfər Əhədov: "Futbolun beşiyində futbol yoxdursa, deməli ölkədə də futbol yoxdur"

  Bölmə: Ölkə futbolu | 518 | 13:32 04-07-2019
Səfər Əhədov: "Futbolun beşiyində futbol yoxdursa, deməli ölkədə də futbol yoxdur"

Vaxtilə ölkəmizin yeni müstəqillik qazandığı dövrlərdə futbol üzrə Azərbaycan çempionatında yüksək liqada iştirak edən Buzovnanın "Xəzri" klubunu yəqin ki, çox adam xatırlayır. "Xəzri" klubu ölkə çempionatında və kuboku uğrunda dəfələrlə mükafatçılar sırasına da düşməyi bacarmışdır. Hətta, buzovnalılar ölkəmizi Avropa yarışlarında da təmsil etmişdir. Adı tarixə qovuşan "Xəzri" nin yaradıcılarından və  klubda uzun illər rəhbər vəzifələrdə çalışan, bundan başqa klubun adına stadionun direktoru olmuş,hazırda isə yeni yaranmış Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının üzvü olan Səfər Əhədov "olimpsport.az" saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

Səfər müəllim, hazırda Buzovnada futbolun vəziyyəti nə yerdədir?

-Futbol var ki, vəziyyəti də olsun? Stadion ola ki, futbol da ola. Demək olar ki, Buzovnada futbol yoxdur. 

Səbəb nədir bəs? 

-Səbəb Azərbaycan Futbol Federasiyaları Assosasiyası və Gənclər və İdman Nazirliyi. Dövlət başçısı idmanın inkişafı üçün nə lazımdır edir, büdcə ayırır, proqram tərtib olur. Görürsən ki, güləş, boks, gimnastika və sair növlərdə inkişaf var. Futbolda isə yoxdur. Futbola ayrılan büdcə bilinmir hara gedir, necə xərclənir? Bunu bir Allah bilir, bir də bu sərmayəni xərcləyənlər. 

Ümumi futbolumuzun durumu haqqında nə deyə bilərsiniz?

- Olmayan şeydən nə deyim? Futbol var ki, nəsə deyim? 8 komanda premyer liqada iştirak edir, 5-6 komanda 1-ci dəstədə. İki liqanı birləşdirsən, 12-13 komanda edir. Misalçün I dəstədə "Neftçi " 2 ,"Sumqayıt " 2, "Zirə" 2 var. Əvəzedici heyətləri götürüb buraxıblar ora ki, say düzəlsin. Azərbaycan müstəqilliyini yeni qazandığı vaxtlarda təkcə güclülər dəstəsində 24 komanda iştirak edirdi. I dəstədə də 16 komanda var idi. Necə oldu aclıq dövründə, müharibə dövründə 40 komanda var idi, indi isə dövlət tərəfindən şərait yaradılıb, 14 komanda güclə tapıblar? Hansı inkişafdan danışmaq olar? Biz 1 milyonluq xalq deyilik ki, nəyisə bəhanə edək? 10 milyonluq xalqıq, 10 komandamız yoxdur. 

Sizcə, futbolumuzun inkişafı üçün nə etmək lazımdır? 

Mən sizə bir misal çəkim. Musiqi deyiləndə Azərbaycanın beşiyi olan Şuşa yada düşür. Təsadüfi deyil ki,Dahi şəxsiyyət Üzeyir Hacıbəyov kimi adam çıxıb Şuşadan. İstər muğamat olsun. Azərbaycan futbolunun beşiyi isə Gəncədir. 50-ci ildən bu yana SSSR-İ dağılana qədər Gəncə "Neftçi" yə futbolçu verib. Bu gün Gəncədə futbol yoxdur. Futbolun beşiyində futbol yoxdursa, deməli ölkədə də futbol yoxdur. Nəyə görə Şirvanda, Şəmkirdə, Sabirabadda, Siyəzəndə,Şamaxıda,Lənkəranda futbol yoxdur? Lənkəranda futbol olanda 15-16 min azarkeş toplaşırdı oyuna. Bakıda "Neftçi " "Qarabağ " oyununa 30 min azarkeş gəlib. Mən həmin oyunu canlı izləmişəm. Bu gün futbola ortalama bir oyuna 300-500 adam gedirsə hansı futboldan danışa bilərik? 7-8 il bundan qabaq 30 min azarkeş gəlirdisə, indi isə yüz dəfə azalıb. Deməli, biz inkişafa yox, geriyə gedirik. Mən demirəm ki, onda biz udurduq. Bu idmandır, udarsan da, uduzarsan da. Amma biri var uduzanda da kişi kimi çıxasan vuruşasan şərəflə uduzasan. Bağışla məni, Jirnovski demişkən, biri var çıxasan meydana gəzişəsən bilməyəsən neyniyəsən bu rüsvayçılıqdır. Bu yaxınlarda Mingəçevirə getmişdim, ürəyim ağrıdı. Oranın da stadionu Buzovnanın günündədir. Heç kim gəlib yoxlamır stadionları. Gəlib yoxlayıb, bir hesabat versinlər. AFFA-ya yox e, xalqa, dövlətə, prezidentə, vitse-prezidentə hesabat versinlər. Yerlərdə uşaq futbol məktəbləri olmalıdır, peşəkar-yarımpeşəkar klublar olmalıdır ki, futbolçu da yetişsin. Futbol kollektiv idman növüdür. Boks, güləş deyil ki, 100 uşaqdan 1 Olimpiya çempionu çıxa. Biz heç min nəfərdən, on min nəfərdən nəinki ki, 11 nəfər heç bir dənə də düz əməlli futbolçu yetişdirə bilmirik. Götürək Rusiya çempionatını. Erməniləri bəyənmirik. Amma Rusiyanın yüksək liqasının 8-9 komandasının əsas heyət üzvləri erməni futbolçulardır. Bizimkilər niyə gedə bilmir? Perspektivli uşaqları göndərmək lazımdır Avropanın aparıcı ölkələrində oxusunlar. Azərbaycandan kənara çıxmaq lazımdır ki, təcrübə toplasınlar. Bir ara futbol oyunbazları özlərini Türkiyə Super Liqası adı altında reklam etdilər. Sonra məlum oldu ki, bizim futbolçuları Türkiyənin aşağı dəstələrində çıxışına güclə nail olublar. İndi heç o da yoxdur.

İndiyə qədər Buzovnadan hansı futbolçular çıxıb? 

 Buzovnadan 76-cı ildən 96-cı ilə qədər futbol məktəblərindən neçə-neçə istedadlı futbolçular çıxıb. Buzovna futbol məktəbinin yetirməsi Azər İsayev yeganə azərbaycanlı balasıdır ki, ilk dəfə SSSR yığma komandasına dəvət alıb. Vladislav Qədirov kimi Avropa, dünya çempionu olmuş futbolçu yetişib Buzovnada. Müstəqillik dövründə Azərbaycan millisinə biz nə qədər futbolçu vermişik.Vadim Vasilyev, Rail Məlikov, Səbuhi, Rəşad rəhmətlik qardaşlar, Aftandil Hacıyev, Ayxan Abbasov, Paşa Əliyev, Aleksandr Musatkini də misal olaraq qeyd edə bilərəm. Bunlar hamısı yığmalarda olub. 96-cı ildən bu yana isə Buzovnadan bir dənə də futbolçu çıxmayıb. 


Digər xəbərlər