Möhsün Tağıyev: "AFFA-dan xahiş edirik ki, futbolu Masallıya qaytaraq"

  Bölmə: Ölkə futbolu | 955 | 06:49 05-07-2019
Möhsün Tağıyev: "AFFA-dan xahiş edirik ki, futbolu Masallıya qaytaraq"

Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqına (AFİAHİ)üzv olan OLİMPSPORT artıq bir media qurumu olaraq futbolumuzun inkişafı naminə bölgələrdə futbolun vəziyyətini oxuculara çatdırmaq  üçün silsilə yazılar dərc etməkdədir. Bu dəfəki səfərimiz cənub bölgəsi olan Masallıyadır. 

  Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının üzvü Möhsün Tağıyev Olimpsport.az -a danışıb. O, ilk olaraq AFİAHİ-nın yaradılması haqda fikirlərini bildirib:

   "Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının(AFİAHİ) yaradılması bu günkü gün üçün çox aktual idi. Bunun üçün də biz tanınmış futbolçulardan Nazim Süleymanov, Səmədağa Şıxlarov, Samir Ələkbərov kimi şəxsləri Masallıya dəvət etdik. İdmansevərlərlə görüş oldu, iclas keçirdik. Həmin yığıncaqda fikirlər səsləndirildi. Dəfələrlə sırf heç bir siyasi ambissiyası olmayan, idmana xidmət edən azad həmkarlar ittifaqı yaradılması vurğulandı, müzakirə olundu, bizə müraciət edildi. Biz də bu müraciəti dəyərləndirdik. Biz də idmançıların hüquqlarını qorumaq məqsədi ilə yaradılan bir təşkilat olduğu üçün dəstək verdik".

Nəyə görə AFİAHİ-in yaranması bir zərurət idi? 

Ona görə ki, ətrafımızda olan keçmiş idmançıların da taleyinə, həyat tərzlərinə biganə qalmaq olmaz. Gələcək nəsillər də bundan örnək götürməlidir. İclas bitəndən bir neçə gün sonra AFFA-nın baş katibi Elxan Məmmədov bizi qəbul etdi. Orada müxtəlif suallar verildi, bu suallar da Elxan Məmmədov tərəfindən cavablandırıldı, məsləhətlər, tövsiyələr verildi. O, bizi çox mehriban şəkildə qəbul etdi, hər birimizi dəyirmi masa arxasına dəvət etdi və müzakirələr apardı. Hətta, bu mövzudan kənardakı məsələlərə də toxunmağa imkan yaratdı. Səmimi söhbət etdi. Sonda hamımızı əmin etfi ki, AFFA rəhbərliyi tərəfindən belə bir ictimai qurumun yaradılması üçün əllərindən gələni əsirgəməyəcəklər. Bunun üçün onlara öz təşəkkürümüzü bildiririk.

Hazırda Masallıda futbolun vəziyyəti nə yerdədir?

Masallı" komandasında uzun müddət kapitan olmuşam. Futbolun bu günkü vəziyyəti məni qane etmir. Nəinki məni, Masallının heç bir idmansevərini qane etmir. Ona görə ki, yüksək liqalarda oynayan komandamız yoxdu. Həvəskarlar liqasında oynayan komandalar var, onlar da hələ normal futbol oynaya bilmirlər. Amma buna baxmayaraq, biz əllərimizi aşağı salıb, demirik ki, Masallıda futbol yoxdur. Uşaqlar yetişdiririk. Hətta, yetişdirdiyimiz uşaqlar Azərbaycanda "Coco-Cola" turnirində 1-ci yerə çıxdılar. Masallıda uşaq futbolunun inkişafı var. Biz var gücümüzlə çalışırıq ki, Masallıda futbolun kökü kəsilməsin. Biz istəyirik ki, heç olmasa burada müəyyən infrostruktur yaradılsın, meydançalar qurulsun. Bu vacibdi. Cənub bölgəsində pis vərdişlərə aludə olan gənclər çoxdur. Biz istəyirik ki, Masallıda sağlam insanlar, sağlam gənclər yetişsin. Yuxarı təşkilatlar da bizə bu işdə kömək olsunlar ki, müvəffəqiyyətli nəticə qazana bilək. Əslində, "Masallı" komandası Avropa meydanlarında Azərbaycanı təmsil edib. 2000-ci illərin əvvəllərində İslandiyada, Polşada çıxış edib. Daha sonra isə necə oldusa, futbolun kökü kəsildi, belə bir vəziyyət yarandı. AFFA-dan xahiş edirik ki, futbolu Masallıya qaytaraq. İdmana xidmət edən komanda yaradaq.


Digər xəbərlər