Nazim Süleymanov: "Mübariz Mənsimov zəmanəmizin Hacı Zeynəlabidin Tağıyev kimi insanlarındandır"

  Bölmə: Ölkə futbolu | 1056 | 10:39 06-07-2019
Nazim Süleymanov: "Mübariz Mənsimov zəmanəmizin Hacı Zeynəlabidin Tağıyev kimi insanlarındandır"

İyulun 5-də Azərbaycan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqı ( AFİAHİ ) növbəti səfərini həyata keçirib. Daha əvvəl Gəncədə, Masallıda, Buzovnada və İmişlidə olan ittifaqın heyəti bu dəfə Lənkərana yollanıb. Lənkərana təşrif buyuranlardan təşəbbüs qrupunun rəhbəri Nazim Süleymanovla yanaşı AFİAHİ-in üzvləri, veteran futbolçu Əfqan Talıbov və OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev olublar. Qonaqları "Xəzər Lənkəran" futbol klubunun stadionunda yerli futbol veteranları və futbol ailəsinin bir neçə üzvləri qarşılayıb.

OLİMPSPORT xəbər verir ki, dəyirmi masa ətrafında keçirilən görüşdə ənənəvi olaraq Nazim Süleymanov yeni yaranmış təşkilatla bağlı qarşı tərəfi məlumatlandırıb və bildirib ki, 1994-cü il fevralın 24-də "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir. İstənilən sahədə həmkarlar ittifaqı yaratmaq mümkündür. Burada qeyri-qanuni heç nə yoxdur. Bizim heç kimlə işimiz yoxdur. Günü gündən üzvlərimizin sayı artmaqdadır.

Çıxışına davam edən Nazim müəllim daha sonra bildirib:"Əlbəttə ki, əsas kəmiyyət yox, keyfiyyətdir. İşimiz təkcə sayımızı artırmaqdan ibarət deyil. Biz konkret olaraq futbolumuzun inkişafı naminə işlər görməliyik. Nəyə görə süni örtüklü meydançalarda uşaqlarımız futbol oynayıb, oynaqlarını məhv etməlidirlər? Bunun üçün həkimlər danışmalıdırlar, fikir bildirməlidirlər. Axı keçmiş dövr deyil. Şükür Allaha dövlətimiz, dövlət başçımız cənab İlham Əliyev idmanın inkişafı üçün hər cürə qayğı göstərir. Hazır təbii ot örtüyü olan meydançalarımız var. Götürək elə futbolsuz qalan İmişli, Tovuz, Şəmkir, Gəncə elə bu cür infrastrukturu olan "Xəzər Lənkəran " da olan meydançalar və s. Nəyə görə bu cür şəhər, azarkeşlər, stadion futbolsuz qalmalıdır? Lənkəran zəngin futbol ənənələrinə malik olan bölgələrimizdəndir. Mübariz Mənsimov isə Lənkərana 2004-cü ildə böyük futbolu gətirdi. Nəinki Lənkərana, Azərbaycan futboluna bir rəng qatdı. Mən də burada çalışmışam. Mən özüm bunların şahidi olmuşam. Mübariz Mənsimov zəmanəmizin Hacı Zeynalabidin Tağıyev kimi insanlarındandır. O, təkcə futbol üçün yox, bu millətin xəstəsindən tutmuş tələbəsinə kimi əl uzadır. Heç kimi qapısından boş qaytarmır. Nəyə görə futbolçularımızın, məşqçilərimizin, digər futbola xidmət edən şəxslərin haqqı, hüququ tapdanmalıdır? Xaricdən gələn legionerə bunu etmək olar? Futbolçusundan, məşqçisindən tutmuş həkiminə qədər qara qəpiyinə qədər alıb, gedirlər, ortada da gördükləri bir iş yox. Biz elə bunun üçün bu təşkilatı yaratmaq fikrinə gəldik".

Veteran futbolçu Əfqan Talıbov da öz fikirlərini bölüşüb və deyib: "Həmkarların işi bir yerə yığışıb, təşkilatlanmış şəkildə sözünü deməkdir. Yoxsa, biri orda, biri burda, çayxanada fikir bildirməklə bizim sözümüzü heç kim eşidən deyil. Elə bu səbəbdən də bu ittifaq ətrafında birləşib, nəyəsə nail ola bilərik. Bu, könüllü bir təşkilatdır. Mən də sizin kimi könüllü olaraq ərizə formasında AFİAHİ-yə üzv olmuşam".

OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev də qısa olaraq öz fəaliyyət prinsiplərindən danışaraq bildirib : "Bəlkə, hələ də kimlərsə bu təşkilat haqqında məlumatlı deyil. Ola bilər kimdəsə xof yaradsın. Amma inanın ki, bu təşkilat hüququ pozulmuş futbol ailəsinin hüquqlarını bərpa etmək  üçün yaranıb. Bu, ictimai bir təşkilatdır. Nə siyasi bir partiyadır, nə də ki, kimdənsə asılı bir qurum. Bəlkə də, siz ayrı-ayrılıqda gedib, AFFA-nın baş katibi Elxan Məmmədovun qəbuluna düşüb, fikirlərinizi bildirə bilməzsiniz. Ən azı bunun üçün həm sizin, həm də AFFA rəhbərliyinin vaxtı olmaya bilər. Amma həmkarlar sizin və ya digər yerlərdəki futbol ictimaiyyətinin fikirlərini ümumiləşdirib, AFFA-ya daha rahat və tez çatdıra bilər. Bu həm dənAFFA-nın işini asanlaşdıracaq".

Yerli futbol nümayəndələrindən Ağadadaş Həmidov, Fəxrəddin Şərifov,Adil Məmmədov, Namiq Qarayev, Hafiz Əliyev və Hüseyn Cəbrayıloğlu da öz ürək sözlərini qonaqlarla bölüşdülər. Onlar bildirdilər ki, hazırda Premyer Liqada iştirak edən bəzi klublarda çoxlu sayda Lənkəran futbol məktəbinin yetirmələri çıxış edir. Onlar fikirlərini daha çox narazı şəkildə bildirirdilər. Veteran futbolçu Adil Məmmədov deyib: " Bu qədər əziyyət çəkib, 8 komanda ilə niyə çempionat keçirirlər? Elə 4 komanda ilə çempionat keçirib, bir-birini udub, sonda hamı mükafat qazanıb gedib, Avropa yarışlarında iştirak etsinlər də".

Bir vaxtlar "Xəzər Lənkəran" üçün və hazırda stadionunda çalışanlardan Hüseyn Cəbrayıloğlu da maraqlı fikirlər səsləndirib: "Az öncə AFFA xətti ilə Lənkəranda futbol yarışı keçirilməliydi. Təklif etdik ki, gəlin biz də köməkçi meydançada keçirək. Həm təbii ot örtüklüdür, həm də bizə də maddi kömək olardı. Yenə müəyyən komunal xərclərimizi ödəyərdik. Amma bizim təklifi qəbul etmədilər. Aparıb oyunu süni örtüklü meydançaya saldılar. Heç süni örtükdən də əsər-əlamət yoxdur. Örtük o qədər yeyilib ki, altındakı beton asifalt görsənir. Kimin kimdənsə ədavəti var deyə uşaqlar məhv olmalı deyil ki? Lənkəranda futbol olanda komandalar da məsuliyyətli olurdular. İnanın ki, rəqib komandalar deyirdilər ki, biz "Xəzər Lənkəran"la oyuna gələndə deplasman həyacanı hiss edirik. Oyun günü Lənkəranda xeyir-şər yerlərində də belə futbol sevgisi, həyacanı var idi. Oyun günü şadlıq saraylarında camaat toyda otura-otura ekranda canlı matç seyr edirdi. Bir dəfə hətta, musiqiçilərdən biri klarnet ifa edə-edə toyda başını yana çevirib,televiziya ekranında  "Xəzər"in oyununa baxırmış. Bir dəfə də anam məndən soruşdu ki, Hüseyn, bu gün oyununuz var? Dedim bəli, niyə ki, ana? Dedi ki, yas məclisində qadınlar mollaya dua oxutdururdular ki, "Xəzər Lənkəran" bu gün qalib gəlsin. İnanın ki, bir gün qabaq dostlar mənə bilet sifariş verirdilər ki, filan yerdə bizə yer saxla. 15-20 min azarkeş indi hansı oyuna gəlir? Xəzər Lənkəran Azərbaycan futbolunda tarix yazdı".

Dəyirmi masa ətrafında keçirilən görüşün sonunda yerli futbol adamları AFİAHİ-yə üzv olmaq üçün ərizə formasında müraciət etdilər. Sonda hamı bir yerdə "Xəzər Lənkəran " stadionunu və muzeyini gəzərək keçmiş xatirələri yad etdi.

Qeyd edək ki, səfər zamanı çəkilən fotoşəkillərin sayı çox olduğundan ayrıca bir xəbərdə "olimpsport.az" səhifəsində fotosessiya rubrikasında işıqlandırılacaq. 

Ardı var...

 

 


Digər xəbərlər