Roberto Bordin: "Hər mövqedə yaxşı futbolçularımız var"

  Bölmə: Ölkə futbolu | 780 | 21:41 10-07-2019
Roberto Bordin: "Hər mövqedə yaxşı futbolçularımız var"

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 11-i Bakı vaxtı ilə saat 21:00-da “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordinin və futbolçu Kirilo Petrovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Əvvəlcə ukraynalı müdafiəçi oyun haqda fikirlərini bildirib: “Sperantsa”nı yaxşı analiz etmişik. Güclü rəqibdir. Ciddi hazırlaşmışıq. Çalışacağıq keçən il buraxdığımız səhvləri təkrarlamayaq. 90 dəqiqə sonadək vuruşmağa hazırıq”. Petrov jurnalistlərin suallarını da cavablandırıb: “Rəqibin hər hansı cəhətini qeyd etmək istəmirəm. Bu, komanda daxilində sirr olaraq qalsın. Baş məşqçi nəzəri məşğələlərdə bizə rəqibin zəif və güclü nöqtələrini göstərib. Bunu oyun üçün saxlayacağıq”.

Sonra baş məşqçiyə söz verilib: “Bir müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. Çünki burada gözəl vaxtlarım keçib. “Şerif”lə yaxşı uğurlar qazanmışam. Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Buna görə də bu ölkəyə tez gəlmişik ki, daha yaxşı hazırlaşaq. Əsas məqsədimiz düzgün oynayaraq nəticə qazanmaqdır”.

İtaliyalı mütəxəssisin KİV nümayəndələrinin suallarına cavabı belə olub: “Baqali Dabo ilə Soni Mustivar təlim-məşq toplanışının ilk günündən bizimlə məşq etmirlər. Komandanı onlarsız hazırlamışıq. Bununla belə, o mövqedə Monroz kimi güclü oyunçumuz var. Ümumiyyətlə, hər mövqedə yaxşı futbolçularımız var. Bu, rəqabəti gücləndirib. Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Komandanı yaxşı kökləmişik. Moldovada çempionat davam etdiyi üçün rəqibin fiziki durumu daha yaxşı ola bilər, amma biz də normal toplanış keçmişik. Yeni transferlərimiz komandaya uyğunlaşıblar. Hər biri çalışacaq ki, özünü yaxşı tərəfdən göstərsin. Bura qələbə dalınca gəlmişik. Amma nəzərə almaq lazımdır ki, mərhələ iki oyundan ibarətdir. Baxmayaraq ki, bəzi mövqelərdə dəyişiklər olub, rəqibin baş məşqçisini, futbolçularını yaxşı tanıyıram. “Sperantsa” evdə oynadığı üçün ola bilər ki, ilk dəqiqələrdən pressinq tətbiq edə. Rəqibə hörmətlə yanaşırıq, sonadək mübarizə aparacağıq. Hər dəfə olduğu kimi, çalışacağıq gözəl oyun nümayiş etdirib, azarkeşlərimizi sevindirək. İnanıram ki, sonda qələbəni birlikdə qeyd edəcəyik. Azarkeşlərimiz keçən mövsüm olduğu kimi, hər zaman bizi dəstəkləyiblər. Bu da bizə əlavə motivasiya verir”.


Digər xəbərlər