Nazim Babayev: "Tokio 2020" yə vəsiqə qazanacağıma inanıram"

  Bölmə: Olimpiya Növləri | 865 | 15:55 11-07-2019
Nazim Babayev: "Tokio 2020" yə vəsiqə qazanacağıma inanıram"

XXX Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağını zirvələrə qaldıraraq Vətənimin idman şərəfini layiqincə qoruya bildiyim üçün qürur duyuram. Bu sözləri İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında atletika yarışlarının üç təkanla tullanma növündə qızıl medal qazanan Nazim Babayev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

N.Babayev bildirib: “Universiadaya İngiltərədə keçirilən Avropa çempionatından sonra hazırlaşmağa başladım və bir ay ərzində iki dəfə təlim-məşq toplanışlarında oldum. Bu yarışlara məşqçimlə birlikdə Antalyada hazırlaşırdım. Bu il əsas hazırlaşdığım yarışlar XXX Ümumdünya Yay Universiadası və 23 yaşadək olan idmançılar arasında Avropa çempionatıdır. Bu qitə çempionatı İsveçin Qalve şəhərində keçiriləcək. Hazırda bu yarışa yollanıram. Universiadada yarış gərgin idman mübarizəsi şəraitində keçdi. Yarışın əvvəlində planlaşdırdığım kimi tullana bilmədiyim üçün çıxışlarımdan razı qalmırdım. Hətta yarışda iki cəhdimdə qeydə alınmadı. Amma üçüncü cəhdimdə özümü toparlayaraq mübarizə apardım və 16,36 metr nəticə göstərərək finala yüksəldim. “Finalda yenə də iki cəhdim uğursuz olub. Lakin sonuncu cəhdimdə 16,89 metr nəticə ilə qızıl medal qazandım. Qızıl medal aldığıma görə sevinirəm. Mənim üçün bu yarışda əsas məqsəd Azərbaycanın bayrağını yüksəltmək idi. Bu yarışda göstərdiyim nəticə idmançı kimi mənim üçün normaldır. Əsas odur ki, Azərbaycan bayrağını zirvələrə qaldırdım və Vətənimin idman şərəfini ləyaqətlə qorudum”. Universiadaya hazırlıq dövründə bir neçə turnirdə çıxış etdiyini vurğulayan atlet qeyd edib: “Bunlardan ən əsası İtaliyada keçirilən Brilyant Liqa idi. Bu yarışda mən 17,06 metr nəticə göstərmişdim. Bu mövsümdə göstərdiyim ən yaxşı nəticə olub. İstərdim bu yarışlarda “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanım. Bu məqsədimə o yarışda nail ola bilmədim. İsveçdə keçiriləcək Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın bayrağını orada yüksəldəcəyimə və “Tokio 2020”yə vəsiqə qazanacağıma inanıram”.


Digər xəbərlər